Azərbaycan və Türkiyə arasında nifaq salmaq istəyənlərə - İMKAN VERMƏYƏCƏYİK
İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı bir sıra nümayəndə heyətlərinin etiraz olaraq zalı tərk etməsi Azərbaycan nümayəndəsinin isə çıxışı sona qədər dinləməsi müzakirələrə səbəb olub. Xüsusilə Türkiyənin zalı tərk edən ölkələr arasında olması fonunda Azərbaycanın nümayəndəsinin zalda qalması Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycan–Türkiyə münasibətləri kontekstində şərh edilib. Müzakirələrin əsas mövzusu bir nümayəndənin diplomatik davranışının dövlətin həmin çıxışda səsləndirilən bütün fikirlərə münasibəti kimi təqdim edilməsinin nə dərəcədə əsaslı olmasıdır. Azərbaycan–Türkiyə münasibətləri isə uzun illər ərzində siyasi, iqtisadi və strateji əməkdaşlıqla müşayiət olunub. Tənzilə Rüstəmxanlı da yaranmış müzakirələrə münasibət bildirərək BMT zalındakı bir epizodun iki ölkə arasındakı münasibətlərin göstəricisi kimi qiymətləndirilməsinə qarşı çıxıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, bir dövlət nümayəndəsinin hər hansı çıxış zamanı zalda qalması həmin çıxışda səsləndirilən bütün fikirləri bölüşməsi və ya dəstəkləməsi demək deyil:
"Dövlətlərin mövqeyi ayrı-ayrı protokol davranışları ilə deyil, onların rəsmi bəyanatları, həyata keçirdikləri siyasət və uzun illər ərzində nümayiş etdirdikləri münasibətlərlə qiymətləndirilməlidir. Azərbaycanın Türkiyəyə münasibəti isə heç bir şübhə doğurmur. Azərbaycan–Türkiyə münasibətləri yalnız emosional qardaşlıq bağlarından ibarət deyil. Bu münasibətlər strateji, siyasi, hüquqi, hərbi və iqtisadi əsaslara söykənən və zamanın sınağından çıxmış “Bir millət, iki dövlət” modelidir. Tarix bunun çoxsaylı nümunələrini göstərib. 2014-cü ildə Praqada keçirilən toplantıda Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyənin ünvanına ittihamlar səsləndirərkən Prezident İlham Əliyevin mahiyyət etibarilə “Türkiyə burada yoxdur, amma mən buradayam” deyərək Türkiyənin mövqeyini müdafiə etməsi Azərbaycan dövlətinin qardaş ölkəyə münasibətinin ən aydın siyasi nümunələrindən biri idi. Eyni şəkildə, 2020-ci il Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi açıq siyasi və mənəvi dəstək iki ölkə arasındakı müttəfiqliyin hansı səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi".
Deputat qeyd edib ki, ona görə də BMT zalında bir nümayəndənin oturub-oturmaması üzərindən Azərbaycanla Türkiyə arasında problem axtarmaq və bundan iki qardaş ölkənin münasibətlərinə qarşı istifadə etməyə çalışmaq doğru deyil: "Təəssüf ki, həm regionda, həm də onun hüdudlarından kənarda Azərbaycan–Türkiyə münasibətlərində ən kiçik anlaşılmazlıq görüntüsündən belə istifadə etməyə çalışan dairələr mövcuddur. Azərbaycanla Türkiyə arasındakı münasibətlər bir günlük hadisə, bir diplomatik epizod və ya sosial mediada yaradılan süni müzakirələrlə müəyyən ediləcək qədər zəif deyil. Bu münasibətlərin arxasında ortaq tarix, milli-mənəvi bağlar, qarşılıqlı dövlət maraqları, strateji müttəfiqlik və ən əsası, Azərbaycan və Türkiyə xalqlarının iradəsi dayanır. Buna görə də belə məsələlərə münasibətdə emosional və tələsik nəticələr çıxarmaq əvəzinə, Azərbaycan–Türkiyə qardaşlığının bütöv mənzərəsinə baxmaq lazımdır. Ayrı-ayrı hadisələr üzərindən iki ölkənin arasına nifaq salmağa çalışan qüvvələrə fürsət verməmək həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin üzərinə düşən mühüm məsuliyyətdir".
Zeynəb Həsən
19:00 29.09.2026
Oxunuş sayı: 39