KİV: Apple Çin bazarı üçün xüsusi süni intellekt modeli hazırlayıb
Apple Çin bazarı üçün xüsusi böyük dil modeli hazırlayıb və bu modelin yaradılmasında Çin texnologiya şirkəti “Alibaba” ilə əməkdaşlıq edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məsələ ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Apple əvvəllər Çində süni intellekt funksiyalarını təmin etmək üçün yerli tərəfdaşların hazırladığı modellərdən istifadə etməyə üstünlük verirdi. Şirkətin özünün hazırladığı Çin üçün xüsusi model isə ona ölkədə süni intellekt xidmətləri üzərində daha çox nəzarət imkanı verə bilər.
Apple-ın süni intellekt alətlərindən ibarət “Apple Intelligence” platformasının iOS yeniləməsindən sonra yaxın aylarda Çində istifadəyə verilməsi gözlənilir. Şirkət Çində süni intellektlə təchiz edilmiş cihazlar sahəsində “Huawei” kimi yerli rəqiblərlə rəqabətdə mövqeyini gücləndirməyə çalışır.
15:56 14.08.2026
Oxunuş sayı: 40