Cəbhəyə qadınlar da gedə bilər — Ukrayna ordusundan diqqətçəkən açıqlama
Ukraynada qadınların səfərbərliyinin qaçılmaz ola biləcəyi ilə bağlı açıqlama verilib.
Crossmedia.az bu barədə “RBK-Ukrayna”ya istinadən xəbər verir.
56-cı Əlahiddə Moto-Piyada Briqadasının hərbçisi Sergey Qnezdilov bildirib ki, ölkədə insan resurslarının azalması səbəbindən gələcəkdə qadınların da orduya çağırılması məsələsi gündəmə gələ bilər.
Onun sözlərinə görə, əgər Rusiya əlavə olaraq 500 min nəfəri səfərbər edərsə, Ukraynada əvvəlcə çağırış yaşının aşağı salınması, daha sonra isə qadınların səfərbərliyi üçün zəmin yaradıla bilər.
Hərbçi hesab edir ki, qadınların çağırışı zamanı müəyyən kateqoriyalar müəyyən edilməlidir. Onun fikrincə, uşağı olan qadınlar çağırışdan azad edilməli, lakin tələbə olmayan, uşağı olmayan və xüsusi tibbi vəzifəsi olmayan qadınların cəbhəyə göndərilməsi nəzərdən keçirilə bilər.
Qnezdilov qeyd edib ki, onun xidmət etdiyi bölmədə çox sayda qadın hərbçi olub və onlar digər əsgərlər kimi vəzifələrinin öhdəsindən gəliblər.
“Qadınların hamısı fiziki güc tələb edən işlərdə çalışmaya bilər. Arxa cəbhədə və ya sənədləşmə işlərində də kifayət qədər vəzifə var”, - deyə o bildirib.
Hərbçi, həmçinin Ukraynada çağırış yaşının 21-ə endirilməsini təklif edib. Onun fikrincə, gənclərə məktəbdən sonra bir il seçim etmək imkanı verilməli, universitetə daxil olanlara isə ilk ali təhsil müddətində möhlət hüququ tanınmalıdır.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın müharibə üçün yeni səfərbərlik dalğasına hazırlaşdığını iddia etmişdi.
22:52 12.08.2026
Oxunuş sayı: 47