ABŞ-də şok hadisə: Orqanları götürülməli olan xəstə əməliyyat öncəsi ayılıb
ABŞ-nin Kentukki ştatında orqan donorluğu ilə bağlı araşdırma ölkədə ciddi müzakirələrə səbəb olub.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir.
Hadisə 2021-ci ildə baş verib. Entoni Tomas Huver adlı xəstə həddindən artıq doza qəbul etdikdən sonra iki gün huşsuz vəziyyətdə qalıb. Ailəsi onun orqanlarını bağışlamağa razılıq verib.
Lakin istintaq zamanı məlum olub ki, xəstənin nevroloji vəziyyəti gözlənilmədən yaxşılaşmağa başlayıb. Həkim müayinəsi zamanı onun hərəkət etdiyi, reflekslər göstərdiyi və vəziyyətinin əvvəl düşünüldüyündən daha yaxşı olduğu müəyyən edilib.
Orqanların götürülməsinə hazırlaşan əməkdaşlar xəstənin hərəkətlərindən narahat olublar. Onlardan biri planlaşdırılan proseduru hətta evtanaziya adlandırıb. Buna baxmayaraq, donor təşkilatının koordinatoru prosesin davam etdirilməsində israr edib.
Xəstəyə sakitləşdirici dərman verilib, lakin o, yenidən hərəkət etməyə başlayıb. Nəticədə həkim süni həyat dəstəyi aparatının söndürülməsindən və orqanların götürülməsindən imtina edib. Keçmiş əməkdaşlardan biri bildirib ki, həmin həkim olmasaydı, proses davam etdiriləcəkdi.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin araşdırmasına əsasən, 2021-2024-cü illər arasında orqan donorluğu planlaşdırılan, lakin tamamlanmayan 351 hadisədən 103-də ciddi narahatlıq doğuran hallar aşkarlanıb. Onların arasında orqan donorluğuna uyğun olmayan nevroloji əlamətlər göstərən 73 xəstə də olub.
Məlumata görə, bütün hallarda nəticə sağ qalmaqla bitməyib. 2022-ci ildə başqa bir xəstə həyat dəstəyi dayandırıldıqdan sonra hərəkət etməyə başlayıb, lakin orqan götürülməsi cəhdi dərhal dayandırılmayıb. Əməliyyat yalnız orqanların artıq donorluq üçün uyğun olmadığı müəyyən ediləndən sonra saxlanılıb.
Araşdırmalar zamanı bəzi donor təşkilatı əməkdaşlarının ailələrə təzyiq göstərdiyi, həmçinin xəstəxana personalını ziddiyyətli tibbi əlamətlərə baxmayaraq proseduru davam etdirməyə sövq etdiyi bildirilib.
2026-cı ilin avqustunda ABŞ Səhiyyə Nazirliyi “Network for Hope” donor təşkilatının akkreditasiyasının ləğvi prosesinə başlayıb. Nazirlik yoxlamalar zamanı ciddi pozuntuların aşkar edildiyini açıqlayıb.
Təşkilatın rəhbərliyi isə qərarla razılaşmadığını və apellyasiya verəcəyini bildirib. Onların sözlərinə görə, akkreditasiyanın ləğvi minlərlə transplantasiya gözləyən xəstəyə təsir göstərə bilər.
ABŞ hakimiyyəti orqan transplantasiyası sistemində islahatlar aparılacağını və donor təşkilatlarına nəzarətin gücləndiriləcəyini açıqlayıb.
00:30 13.08.2026
Oxunuş sayı: 50