Azərbaycan aliminin növbəti uğuru
Azərbaycan elmi ictimaiyyəti daha bir mühüm nailiyyətə imza atıb. Tanınmış biofizik, radiobioloq və radioekoloq, biologiya elmləri doktoru, professor Elimxan Süleyman oğlu Cəfərovun Anar Cəfərovla birgə hazırladığı 368 səhifəlik “A Study in Plant Radiobiology: Responses to Ionizing Radiation” (“Bitki radiobiologiyasında tədqiqatlar: İonlaşdırıcı şüalanmaya cavab reaksiyaları”) adlı fundamental elmi əsər 2026-cı ildə Böyük Britaniyanın nüfuzlu Cambridge Scholars Publishing nəşriyyatı tərəfindən çap olunub.
Nəşriyyatın müəlliflərə ünvanladığı rəsmi təsdiq məktubuna əsasən, kitab 15 iyul 2026-cı ildə həm çap, həm də elektron formatda elmi ictimaiyyətə təqdim edilib. Kitabın çap nəşrinin beynəlxalq standart nömrəsi ISBN 978-1-0364-7519-2, elektron nəşrinin ISBN-i isə 978-1-0364-7520-8-dir. Nəşr haqqında məlumat Cambridge Scholars Publishing-in rəsmi səhifəsində yerləşdirilib.
“A Study in Plant Radiobiology: Responses to Ionizing Radiation” kitabının beynəlxalq nəşriyyat tərəfindən çap olunması yalnız müəlliflərin şəxsi nailiyyəti deyil, bütövlükdə Azərbaycan radiobiologiya elminin mühüm uğurudur. Əsərdə ionlaşdırıcı şüalanmanın bitkilərə təsirinin ümumi və spesifik qanunauyğunluqları sistemli şəkildə araşdırılır, bu sahədə aparılmış müasir tədqiqatların nəticələri ümumiləşdirilir.
Kitabın elmi əhəmiyyətini artıran əsas cəhətlərdən biri nəzəri biliklərlə eksperimental tədqiqat nəticələrinin əlaqələndirilməsidir. Müəlliflər dünya elmi ədəbiyyatında mövcud olan yanaşmaları təhlil etməklə yanaşı, uzun illər ərzində Azərbaycanda apardıqları araşdırmaların nəticələrini də beynəlxalq elmi ictimaiyyətə təqdim edirlər. Əsərin hazırlanması zamanı 850 adda xarici elmi mənbədən istifadə olunması onun geniş elmi bazaya söykəndiyini göstərir.
Kitab altı böyük fəsildən ibarətdir. Birinci fəsildə radiobiologiyanın əsas anlayışları və ölçü vahidləri izah edilir. Udulma və ekspozisiya dozaları, ekvivalent və effektiv dozalar, radiasiya riski əmsalları, yolverilən doza hədləri, təhlükəli və öldürücü dozalar, eləcə də şüalanmanın intensivliyi kimi anlayışlar elmi ardıcıllıqla şərh olunur.
İkinci fəsil oksigenin fəal formalarına həsr edilib. Burada onların yaranma səbəbləri, təsnifatı, bioloji sistemlərdə törətdiyi zədələnmələr və müəyyən şəraitdə daşıdığı funksional əhəmiyyət araşdırılır. İonlaşdırıcı şüalanma nəticəsində əmələ gələn sərbəst radikalların hüceyrə strukturlarına təsiri kitabın əsas tədqiqat istiqamətlərindən biridir.

Üçüncü fəsildə bitki hüceyrələrinin antioksidant müdafiə sistemi geniş təhlil olunur. Flavonoidlər, antosianlar, karotinoidlər, prolin, superoksiddismutaza, katalaza və askorbatperoksidaza kimi kiçik və böyük molekullu antioksidantların funksiyaları izah edilir. Bu müdafiə sisteminin duzluluq, quraqlıq, yüksək və aşağı temperatur, ağır metallar, ultrabənövşəyi və radioaktiv şüalanma şəraitlərində fəaliyyəti müqayisəli şəkildə qiymətləndirilir.
Dördüncü fəsildə radiasiya biologiyasının yaranması və tarixi inkişaf mərhələləri nəzərdən keçirilir. Kəmiyyət radiobiologiyası, radiasiya biofizikası, DNT-nin radiasiya zədələnməsinin bərpası, apoptoz, nekroz, orqanoptoz, adaptiv cavab reaksiyası və hormezis effekti kimi mürəkkəb bioloji proseslər sistemli şəkildə elmi əsaslarla təqdim edilir.
Beşinci fəsil ionlaşdırıcı şüalanmanın bioloji təsir mexanizmlərinə həsr olunub. Burada bitkilərin radiohəssaslığı, kiçik dozalı radiasiyanın stimullaşdırıcı və uzaq təsirləri, ionlaşdırıcı şüalanmanın fotosintez prosesində yaratdığı dəyişikliklər, eləcə də antioksidant müdafiə sisteminin belə təsirə cavabı reaksiyaları və belə şəraitlərdə fəaliyyəti araşdırılır.
Altıncı fəsildə isə toxumların səpindən əvvəl işlənməsi (emalı) üsulları və onların praktiki tətbiqinin əhəmiyyəti təhlil edilir. Toxumların qamma şüaları ilə işlənməsinin normal şəraitdə, həmçinin də yüksək duzluluq, quraqlıq, yüksək temperatur və ağır metal stresi şəraitlərində bitkilərin böyümə və inkişafına təsiri müəlliflərin özlərinin aldıqları eksperimental nəticələrlə müqayisəli şəkildə təhlil edilir
Yeni kitab professor Elimxan Cəfərovun uzun illəri əhatə edən elmi fəaliyyətinin məntiqi davamıdır. O, 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra elmi fəaliyyətə başlayıb.
1981-ci ildən SSRİ Elmlər Akademiyasının Moskvada yerləşən Kimyəvi Fizika İnstitutunda təcrübəçi-tədqiqatçı və aspirant kimi çalışıb. Nobel mükafatı laureatı Nikolay Semyonovun rəhbərlik etdiyi bu elmi müəssisədə akademik Vitali Qoldanskinin rəhbərliyi altında qan plazmasının əsas zülallarından biri olan albuminin fəza quruluşunu tədqiq edib.
Elimxan Cəfərov “tritiumla nişanlama” metodundan istifadə etməklə zülal molekulunun səth sahəsini, polipeptid zəncirinin bükülmə xüsusiyyətlərini və molekulyar səthin quruluşunu araşdırıb. Onun apardığı tədqiqatlar zülal molekulunun səthində “hidrofob ciblərin” mövcudluğunun eksperimental təsdiqinə töhfə verib.
Alim 1986-cı ildə kimyəvi fizika ixtisası üzrə kimya elmləri namizədi, 2004-cü ildə isə biofizika ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsi alıb. 2018-ci ildə radiobiologiya sahəsində elmi kadrların hazırlanmasına və bu istiqamətin inkişafına verdiyi töhfələrə görə professor elmi adına layiq görülüb.
Professor Elimxan Cəfərov uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda Radiobiologiya laboratoriyasına rəhbərlik edib. Onun rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrinin, iri sənaye şəhərlərinin, Abşeron yarımadasının və Qobustan palçıq vulkanlarının radioekoloji vəziyyəti araşdırılıb.
Aparılan tədqiqatlarda radionuklidlərin torpaq və bitki sistemində miqrasiyası, onların müxtəlif bitki orqanlarında toplanması, xroniki şüalanmanın bitkilərin biomorfoloji və reproduktiv xüsusiyyətlərinə, fotosintez prosesinə və antioksidant müdafiə sisteminə təsiri öyrənilib.
Alimin rəhbərliyi ilə toxumların müxtəlif dozalarda qamma şüaları ilə işlənməsi, radiasiyanın kənd təsərrüfatı bitkilərinin böyüməsinə və sonrakı nəsillərinə təsiri, radiasiya və duz streslərinin birgə təsir mexanizmləri araşdırılıb. Bu tədqiqatlar əsasında yüksək məhsuldarlığa və yaxşı lif göstəricilərinə malik mutant pambıq xətlərinin alınması mümkün olub.
Professor Elimxan Cəfərov 300-ə yaxın elmi əsərin, müəlliflik şəhadətnamələrinin, monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir. Onun rəhbərliyi ilə səkkiz nəfər biologiya üzrə fəlsəfə doktoru, iki nəfər isə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Alim dünyanın iyirmidən çox ölkəsində keçirilən beynəlxalq konfranslarda Azərbaycan elmini təmsil edib.
Yeni nəşrin mühüm xüsusiyyətlərindən biri fundamental radiobioloji biliklərlə kənd təsərrüfatında tətbiq oluna biləcək nəticələri bir araya gətirməsidir. İonlaşdırıcı şüalanmanın bitkilərin böyüməsinə, fotosintezinə, metabolizminə və stresə davamlılığına təsirinin öyrənilməsi müasir dövrdə xüsusi əhəmiyyət daşıyır.
İqlim dəyişmələri, torpaqların şoranlaşması, su çatışmazlığı, temperatur ekstremumları və texnogen çirklənmə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına ciddi təsir göstərir. Bu şəraitdə toxumların səpindən əvvəl elmi əsaslandırılmış üsullarla işlənməsi, stresədavamlı bitki formalarının yaradılması və radiasiyanın aşağı dozalarının bioloji təsirlərinin düzgün qiymətləndirilməsi həm elmi, həm də praktiki baxımdan aktualdır.
Kitab radiobiologiya və radioekologiya ilə yanaşı, bitki fiziologiyası, biofizika, molekulyar biologiya, genetika, ekologiya və kənd təsərrüfatı elmləri üzrə çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Ondan universitet müəllimləri, doktorantlar, magistrantlar, tədqiqatçılar və bu sahəni müstəqil öyrənənlər də faydalana bilərlər.
“A Study in Plant Radiobiology: Responses to Ionizing Radiation” kitabının beynəlxalq elmi nəşriyyat tərəfindən çap edilməsi Azərbaycan alimlərinin radiobiologiya sahəsində formalaşdırdıqları elmi biliklərin dünya elmi ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir.
Bu nəşr professor Elimxan Cəfərovun çoxillik elmi fəaliyyətinin, yaratdığı radiobiologiya məktəbinin və müəlliflərin apardıqları fundamental tədqiqatların ümumiləşdirilmiş nəticəsidir. Kitab Azərbaycan radiobiologiya elminin beynəlxalq elmi informasiya məkanında daha geniş təmsil olunmasına, əldə edilmiş nəticələrin xarici tədqiqatçılar tərəfindən öyrənilməsinə və yeni elmi əməkdaşlıqların qurulmasına xidmət edəcək.
Professor Elimxan Cəfərovun və Anar Cəfərovun bu uğuru Azərbaycan elminin növbəti mühüm nailiyyəti olmaqla yanaşı, uzunmüddətli, məqsədyönlü və fədakar elmi fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının parlaq nümunəsidir.
Dossent Azad Qurbanov
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü
16:45 11.08.2026
Oxunuş sayı: 372