Azərbaycan arxeologiyası üçün ilk və təkrarolunmaz kəşf tapılıb
Azərbaycanda yüksək dağlıq ərazilərdə aparılan arxeoloji qazıntılar qədim yaşayış və dəfn mədəniyyətinin öyrənilməsi baxımından yeni elmi nəticələr ortaya çıxara bilər. İndiyədək bu qədər böyük hündürlükdə yerləşən ərazilərdə kompleks arxeoloji tədqiqatların aparılmaması aşkar edilən yeni qalıqların Azərbaycan arxeologiyası üçün xüsusi əhəmiyyət daşımasına səbəb olur.
Yüksək dağlıq zonada yerləşən kurqan qəbirlərində mürəkkəb formalı sərdabə tipli dəfn abidələrinin aşkar edilməsi qədim tayfaların dağlıq əraziləri mənimsəmə dinamikası, həyat tərzi və dəfn ritual mədəniyyəti ilə bağlı mövcud elmi yanaşmaların yenidən nəzərdən keçirilməsinə imkan yarada bilər. İlkin ehtimallara görə, tapıntılar Xalkolit (Eneolit) və ya Erkən Tunc dövrünə aid ola bilər. Lakin qazıntı işlərinin davam etməsi və yeni laborator analizlərin aparılması qalıqların dəqiq dövrləşdirilməsinə imkan verəcək.
Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru, dosent Anar Ağalarzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, yüksək dağlıq ərazidən aşkar edilən qədim qalıqlar Azərbaycan arxeologiyası üçün ilk və təkrarolunmaz kəşf hesab olunur:
“Yüksək dağlıq ərazidən aşkar edilən bu qədim qalıqlar Azərbaycan arxeologiyası üçün ilk və təkrarolunmaz kəşf hesab olunur. Təəssüf ki, nə Sovet hakimiyyəti illərində, nə də müstəqillik dövründə bu qədər böyük hündürlükdə yerləşən ərazilərdə kompleks tədqiqat işləri aparılmamışdı.
Aşkar edilən bu maddi-mədəniyyət nümunələri yerli elmin inkişafı üçün müstəsna və strateji əhəmiyyət kəsb edir. İlk dəfədir ki, məhz bu tipli yüksək dağlıq zonada yerləşən kurqan qəbirlərində mürəkkəb formalı sərdabə tipli dəfn abidələrinə rast gəlinir. Bu fakt qədim tayfaların dağlıq əraziləri mənimsəmə dinamikasını və dəfn ritual mədəniyyətini yenidən qiymətləndirməyə imkan verir.
Arxeoloji qalıqların xronoloji dövrləşdirilməsinə gəlincə, ilkin ehtimallarımız və müqayisəli analizlərimiz bu tapıntıların Xalkolit (Eneolit) və ya Erkən Tunc dövrünə aid olduğunu göstərir. Bununla belə, qazıntı işləri fasiləsiz davam edir və arxeoloji proses zamanı əldə olunacaq yeni faktlar, artefaktlar və laborator analizlər mövcud mülahizələrimizə daha dəqiq elmi qiymət verməyə, hətta dövrləşməyə dair baxışlarımızı yeniləməyə şərait yarada bilər”.
Zeynəb Həsən
20:15 04.09.2026
Oxunuş sayı: 50