Bloqerlər bizə necə təsir göstərir?
Sosial şəbəkələrin həyatımızda rolu artdıqca blogerlərin insanların düşüncə və davranışlarına təsiri də güclənir. Xüsusilə gənclər blogerlərin paylaşdığı məzmundan təsirlənərək müəyyən seçimlərə və həyat tərzinə yönələ bilirlər. Bu baxımdan blogerlərin psixoloji təsiri və mədəni zövqün formalaşmasındakı rolu diqqət çəkir.
Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələr və bloqerlər xüsusilə gənclərin düşüncə və davranışlarının formalaşmasına ciddi təsir göstərir:
“Sosial şəbəkələr bu gün insanların düşüncə və davranışlarının formalaşdığı mühüm sosial mühitlərdən biridir. Geniş auditoriyaya malik bloqerlər xüsusilə gənclər üçün nümunə rolunu oynayırlar. Onların danışıq tərzi, geyim seçimi, münasibətlərə yanaşması və nümayiş etdirdiyi həyat modeli izləyicilərin zövqünə və gündəlik davranışlarına təsir göstərir. İnsan müşahidə etdiyi və sosial rəğbət qazandığını gördüyü davranışları təkrarlamağa meyillidir. Buna görə də bloqerlərin davamlı təqdim etdiyi məzmun zamanla gənclər tərəfindən adi və məqbul davranış kimi qəbul olunur. Keyfiyyətli və maarifləndirici paylaşımlar mütaliəyə, incəsənətə, təhsilə və şəxsi inkişafa maraq yarada bilər. Səthi, aqressiv və bayağı məzmun isə kobud ünsiyyətin, qeyri-etik davranışların və zəif estetik meyarların normallaşmasına səbəb ola bilər”.

E.Rüstəmov qeyd edib ki, bloqerlərin sosial şəbəkələrdə yaratdığı ideal həyat görüntüləri gənclərdə sosial müqayisəni də gücləndirir:
“Öz həyatını həmin seçilmiş görüntülərlə müqayisə edən gəncdə özünəinamın azalması, natamamlıq hissi və həyatından narazılıq yarana bilər. Eyni zamanda, reklam xarakterli tövsiyələr ehtiyacdan kənar istehlaka və xoşbəxtliyin maddi imkanlarla əlaqələndirilməsinə yol aça bilər.
Bununla yanaşı, məsuliyyətli
bloqerlər təhsilin, sağlam həyat tərzinin, psixoloji rifahın və milli-mədəni dəyərlərin təbliğində müsbət rol oynayırlar. Əsas məsələ onların nə qədər məşhur olması deyil, auditoriyaya hansı dəyərləri və davranış nümunələrini təqdim etməsidir.
Bu baxımdan gənclərdə media savadlılığının və tənqidi düşüncənin inkişaf etdirilməsi, bloqerlərin isə auditoriya qarşısında sosial məsuliyyətlərini nəzərə almaları vacibdir”.
Nuray Mehtiyeva
19:45 04.09.2026
Oxunuş sayı: 44