Putin 2022-ci ildə bəzi işğal olunmuş ərazilərdən çıxmağa hazır olub - Financial Times
2022-ci ilin payızında vasitəçilər Ukrayna ilə Rusiya arasında qeyri-rəsmi sülh danışıqları təşkil etməyə çalışıblar. Təklif olunan plana əsasən, Moskva işğal etdiyi ərazilərin böyük hissəsindən qoşunlarını çıxarmalı, Kiyev isə Krım üzərində Rusiyanın nəzarətini tanımalı və təhlükəsizlik təminatları almalı idi.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, həmin dövrdə Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar artmışdı. Oktyabrın 11-də “Böyük yeddilik” (G7) ölkələrinin liderləri Rusiya Prezidenti Vladimir Putinə belə bir addımın “ciddi nəticələri” olacağı barədə xəbərdarlıq etmişdilər.
Ukrayna qüvvələri Xerson və Zaporojye vilayətlərində Rusiya ordusunu geri çəkilməyə məcbur edirdi. Bu ərazilər isə Putin az əvvəl Rusiyaya birləşdirildiyini elan etmişdi.
Eyni zamanda, Rusiyanın müdafiə naziri Sergey Lavrov ABŞ, Böyük Britaniya və Fransadan olan həmkarlarına zəng edərək Ukraynanın guya “çirkli bomba” hazırladığını iddia etmişdi. Nəşrin yazdığına görə, bu açıqlamalar Putinin nüvə silahından istifadə edə biləcəyi ilə bağlı narahatlıqları daha da artırmışdı.
Həmin vaxt keçmiş Şərqi Almaniya kəşfiyyatının əməkdaşı Matthias Varnig amerikalı iş adamı Stiven Kona Putinlə təkbətək görüş keçirdiyini bildirib. Varnigin sözlərinə görə, Rusiya lideri hərbi əməliyyatları davam etdirməkdən başqa seçiminin olmadığını desə də, danışıqlara açıq olduğunu da vurğulayıb.
Varnigin qeydlərinə əsasən, Putin belə deyib: “Hərbi əməliyyatları həyata keçirməkdən başqa seçimim yoxdur”. O, həmçinin danışıqlara tam açıq olduğunu və Ukraynada sülhə nail olmaq yollarını müzakirə etmək istədiyini bildirib.
Sülh planı nələri nəzərdə tuturdu?
Jurnalistlərin məlumatına görə, danışıqların əsasını 2022-ci ilin aprelində nəticəsiz qalan İstanbul razılaşmaları təşkil etməli idi.
Vasitəçilərin hazırladığı plana əsasən, Rusiya Putinin daha əvvəl ilhaq etdiyini elan etdiyi ərazilərin böyük hissəsindən qoşunlarını çıxarmalı idi. Yeni təmas xəttinin Rusiyanın Krımda və Donbasın bir hissəsində genişmiqyaslı işğaldan əvvəl nəzarət etdiyi ərazilər boyunca müəyyənləşdirilməsi təklif olunurdu.
Bunun müqabilində Ukrayna Krım üzərində Rusiyanın nəzarətini tanımalı və yarımadaya maneəsiz quru dəhlizinin yaradılmasına razılıq verməli idi.
Atəşkəsə əməl olunmasını təmin etmək üçün Ukraynaya NATO ölkələrinin təhlükəsizlik təminatlarının verilməsi, Rusiyanın isə ABŞ-la təhlükəsizlik zəmanətləri barədə danışıqlara başlaması nəzərdə tutulurdu.
Putin təmas xətti ilə bağlı təklifi qəbul edib?
Vasitəçilər qrupuna Putinlə vaxtilə “Dresdner Bank”da birlikdə çalışmış, ona şəxsi çıxışı olan azsaylı şəxslərdən biri sayılan Matthias Varnig, eləcə də İstanbul danışıqlarının təşkilinə kömək etmiş ukraynalı kinoprodüser Aleksandr Rodnyanski daxil idi.
Nəşrin məlumatına görə, Rodnyanski sənəd layihəsini həm Moskvaya, həm də Kiyevə çatdırmağa razılaşıb. Tərəflərin sənədlə bağlı qeydlərini bildirməsi nəzərdə tutulurdu.
2023-cü il fevralın 1-də keçirilən növbəti görüşdə Varnig Putinin sənədi sətir-sətir nəzərdən keçirdiyini, ayrı-ayrı hissələrin altını cızaraq kənarlarda qeydlər apardığını söyləyib.
Varnigin iddiasına görə, Putin təklif olunan təmas xətti ilə razılaşıb. O, Ukraynanın NATO-ya üzvlüyünü qəbul edə bilməyəcəyini bildirsə də, Avropa İttifaqına üzvlük və alternativ təhlükəsizlik modelini nəzərdən keçirməyə hazır olduğunu deyib.
“Əgər sərhədlər və NATO məsələsində razılığa gələ bilsək, qalan hər şeyi müzakirə etmək mümkün olacaq”, – Putin Varnigə bildirib.
Ukraynanın mövqeyi
“Financial Times”ın yazdığına görə, Rodnyanski Ukrayna Prezidenti Volodimir Zelenski və o vaxt Prezident Ofisinin rəhbəri olan Andrey Yermakın heç olmasa telefonundakı sənədə baxmasına çətinliklə nail olub.
Ukrayna tərəfi ölkənin sərhədləri ilə bağlı Putinə heç bir güzəştə getməyəcəyini bildirib. Kiyev, həmçinin ərazilərdən imtina etmədən planın digər bəndlərinin böyük hissəsinin həyata keçirilə biləcəyinə inanırdı.
Rodnyanski ABŞ-ın Ukraynaya razılaşmanı qəbul etməsi üçün təzyiq göstərməli olduğunu düşünürdü. O, Ukrayna tərəfinin Rusiya ordusunun “Üzüklərin hökmdarı” filmindəki Sauronun ordusu kimi qəfil dağılacağını gözlədiyini söyləyib.
Lakin Putinin ümid etdiyi ABŞ dəstəyi olmadan qeyri-rəsmi danışıqlar kanalı tədricən öz əhəmiyyətini itirib. Həmin ilin sonunda ABŞ-ın dəstəklədiyi Ukrayna əks-hücumu işğal olunmuş əraziləri geri qaytarmağa imkan verməyib. Sonrakı dövrdə isə Putinin Ukraynaya qarşı tələbləri xeyli artıb.
Hazırkı sülh danışıqları
Son məlumatlara görə, Rusiya Ukrayna ilə danışıqlara razılıq versə də, real irəliləyiş üçün əsasların zəif olduğu bildirilir. Moskvanın mövqeyi Putinin Zelenski ilə danışıqlar masasına oturmaqda maraqlı olmadığını göstərir. Bunun səbəblərindən biri Rusiyanın müharibəni dayandırmaq üçün ciddi təzyiq hiss etməməsi və Ukrayna üzərində tam nəzarət qurmağa çalışmasıdır.
Bununla yanaşı, Zelenski müharibəni dərhal dayandırmaq üçün cəbhə xətti boyunca münaqişənin dondurulması şərti ilə sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Ukrayna Prezidenti ölkə ərazisinin 25 faizindən imtina etməsi ilə bağlı suala cavabında Rusiyanın hazırda Ukrayna ərazisinin 19,3 faizini işğal etdiyini, 25 faizdən imtinanın isə Ukraynanın Donbasdan çıxması demək olacağını vurğulayıb.
22:56 24.10.2026
Oxunuş sayı: 68