Ukrayna və Finlandiya GPS-dən asılı olmayan dron texnologiyalarını inkişaf etdirəcək
Ukraynanın müdafiə texnologiyaları şirkəti “Sine Engineering” Finlandiya ilə pilotsuz uçuş aparatları üçün yeni texnologiyaların hazırlanması, sınaqdan keçirilməsi və istehsalına dair birgə layihəyə başlayıb.
Crossmedia.az xəbər verir ki, “The Kyiv Independent” bu barədə məlumat yayıb.
Birgə təşəbbüs rabitə sistemlərinin dayanıqlığının artırılmasını, naviqasiya və bort sistemlərinin avtonom işləməsini əhatə edir. “Sine Engineering” peyk siqnallarından asılı olmayan naviqasiya proqram təminatı hazırlayır. Bu texnologiya dronların GPS-dən istifadə etmədən uçmasına imkan verir.
Şirkət Ukrayna və Finlandiya hökumətlərinin təşəbbüsü dəstəkləyəcəyinə və onu sentyabrın 23-də imzalanmış pilotsuz uçuş aparatları üzrə yeni ikitərəfli saziş çərçivəsində həyata keçirilən layihələr siyahısına daxil edəcəyinə ümid edir. Saziş tərəflərə texnologiya və təcrübə mübadiləsi aparmaq, tədqiqat və innovasiya sahəsində əməkdaşlıq etmək, həmçinin dron texnologiyalarını birgə hazırlamaq və istehsal etmək imkanı yaradır.
“Sine Engineering” şirkətinin baş direktoru və həmtəsisçisi Andrey Çulik bildirib ki, birgə tədqiqat və inkişaf təşəbbüsünün dronlarla bağlı saziş çərçivəsindəki layihələr siyahısına daxil edilməsi üçün hər iki hökumətin dəstəyinə ümid edirlər. Onun sözlərinə görə, təşəbbüs Ukrayna və Finlandiyanın texnoloji potensialını, müdafiə qabiliyyətini və dayanıqlığını gücləndirməklə yanaşı, Avropanın və müttəfiqlərinin təhlükəsizliyinə də töhfə verə bilər.
Yeni layihə şirkətin Finlandiyadakı fəaliyyətinin genişləndirilməsinin bir hissəsidir. “Sine Engineering” ötən il bu ölkədə ofis açıb. Şirkət daha əvvəl Ukraynada mütəxəssis çatışmazlığını aradan qaldırmaq və Avropadan radioelektronika mühəndislərini cəlb etmək məqsədilə xaricdə tədqiqat və inkişaf mərkəzləri yaratmağı planlaşdırdığını açıqlamışdı.
Finlandiya radio texnologiyalarının inkişafı sahəsində uzunmüddətli təcrübəyə malikdir. “Sine Engineering” ilin sonunadək Finlandiyadakı komandasının sayını 100 nəfərə çatdırmağı planlaşdırır. Onların 80 faizinin mühəndislər olacağı gözlənilir.
“The Kyiv Independent”in məlumatına görə, oktyabrın 22-də keçirilən biznes forumunun yekununda Kiyev və Helsinki ümumi dəyəri 330 milyon avrodan çox olan yeddi saziş imzalayıb. Sazişlər arasında Kiyevin enerji infrastrukturuna dəstək və Finlandiyanın peyk şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı razılaşmalar da yer alıb.
Bundan əlavə, Finlandiyanın “ICEYE” və “Nokia” texnologiya şirkətləri Ukraynanın Müdafiə Nazirliyi ilə əməkdaşlıq niyyətini təsdiqləyən sənəd imzalayıblar. Tərəfdaşlığın məqsədi “Starlink” xidmətlərində yaranan fasilələr fonunda Ukraynanın öz peyk rabitə sisteminin yaradılmasına dəstək verməkdir.
22:09 24.10.2026
Oxunuş sayı: 82