Özbəkistan İrana etiraz notası təqdim edib
Özbəkistan Xarici İşlər Nazirliyi İranın Daşkənddəki səfirini çağıraraq ona etiraz notası təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Etiraza İranın Ermənistanda və Zimbabvedəki səfirliklərinin “X” sosial şəbəkəsində paylaşdığı materiallar səbəb olub. Həmin paylaşımlarda ABŞ dövlət katibi Marko Rubionun Səmərqənddəki Registan meydanı fonunda görüntüləri yayımlanıb və tarixi abidələrin memarlıq tağlarının “İran-islam sivilizasiyası” üçün xarakterik olduğu bildirilib.
Özbəkistan Xarici İşlər Nazirliyi bu açıqlamaları Səmərqəndin tarixi və mədəni irsinin birtərəfli və siyasiləşdirilmiş şəkildə şərh edilməsi kimi qiymətləndirib.
Nazirlik vurğulayıb ki, Səmərqənd, Buxara, Xivə və ölkənin digər tarixi şəhərlərinin irsi əsrlər boyu formalaşıb və özbək xalqının tarixini, dövlətçilik ənənələrini və mədəni inkişafını əks etdirir.
Özbəkistan İran tərəfdən mübahisəli paylaşımların silinməsini və gələcəkdə belə hallara yol verilməməsini tələb edib.
Bununla yanaşı, nazirlik İranla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin yüksək qiymətləndirildiyini, lakin ölkənin öz mövqeyini müdafiə etməyə davam edəcəyini bildirib.
21:38 24.10.2026
Oxunuş sayı: 50