Pişiyin əhvalı sahibinin emosional vəziyyətindən asılı ola bilər
Yeni araşdırma pişiklə sahibi arasında emosional və hormonal əlaqənin olduğunu üzə çıxarıb. Tədqiqatın nəticələrinə görə, sahibinin stress səviyyəsi pişiyin orqanizmində bağlılıq hormonu olan oksitosinin miqdarı ilə əlaqəli ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
“iScience” jurnalında dərc olunan araşdırma çərçivəsində Kioto Universiteti və Azabu Universitetinin alimləri bir ay ərzində 19 pişik sahibi və 29 ev pişiyini müşahidə ediblər. Tədqiqatçılar iştirakçıların sidiyində oksitosin və əsas stress hormonu hesab olunan kortizolun səviyyəsini, eləcə də onların gündəlik ünsiyyətini təhlil ediblər.
Nəticələr pişiklərdə oksitosinin səviyyəsinin yüksəlməsi ilə sahiblərində də həmin hormonun səviyyəsinin yüksək olması arasında əlaqə olduğunu göstərib. Pişiklərdə oksitosinin yüksək olduğu hallarda sahibləri daha az narahatlıq, depressiya əlamətləri və emosional gərginlik yaşadıqlarını bildiriblər.
Araşdırmada, həmçinin sahibinin stress səviyyəsinin yüksək olması ilə pişikdə oksitosinin daha aşağı səviyyədə olması arasında əlaqə müəyyən edilib. Bu nəticələr insanın emosional vəziyyətinin heyvanın fizioloji göstəriciləri ilə əlaqəli ola biləcəyini göstərir.
Alimlər pişiklə sahibinin birlikdə keçirdiyi vaxtın da əhəmiyyətini araşdırıblar. Bunun üçün heyvanların boyunluqlarına Bluetooth izləmə cihazları yerləşdirilib. Müşahidələr pişiyin yanında daha çox vaxt keçirən sahiblərin özlərini daha enerjili və gümrah hiss etdiklərini göstərib.
Tədqiqatın aparıcı müəllifi, Kioto Universitetinin heyvan davranışları üzrə tədqiqatçısı Saho Takagi bildirib ki, pişiklər insanlarla emosional qarşılıqlı əlaqədə iştirak edə bilən sosial tərəfdaşlardır. Onun sözlərinə görə, pişiklə birbaşa fiziki təmasda olmaq, onu sığallamaq və onunla oynamaq sahibinin əhvalına müsbət təsir göstərə bilər.
Əlavə sınaqlar zamanı oksitosin səviyyəsi yüksək olan pişiklərin həm sahiblərinə, həm də yad insanlara daha çox yaxınlaşdığı müəyyən edilib. Stress səviyyəsi yüksək olan pişiklər isə yad insanlara yaxınlaşmağa daha az meyil göstəriblər.
Qeyd edək ki, araşdırma pişiklərlə insanlar arasında hormonal əlaqəyə dair yeni məlumatlar təqdim etsə də, müəyyən edilmiş əlaqələr birbaşa səbəb-nəticə münasibətini təsdiqləmir.
06:49 25.10.2026
Oxunuş sayı: 58