Çində robot 100 metri 8,64 saniyəyə qaçdı
Çinin paytaxtı Pekində keçirilən II Ümumdünya Humanoid Robotlar Oyunlarında “Tyanqun Ultra” adlı robot 100 metr məsafəni 8,64 saniyəyə qət edərək dünyanın ən sürətli insanı sayılan Useyn Boltun rekordundan daha yaxşı nəticə göstərib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
Pekindəki “Buz lenti” stadionunda keçirilən yarışda robot finiş xəttini 8,64 saniyəyə keçib. Yamaykalı atlet Useyn Boltun 2009-cu ildə müəyyənləşdirdiyi dünya rekordu isə 9,58 saniyədir.
Maraqlıdır ki, yarışların açılış mərasimində eyni robot 100 metr məsafəni 9,39 saniyəyə qət etmişdi. Beləliklə, robotun nəticəsi cəmi dörd gün ərzində əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Lakin yarışlar yalnız sürət rekordları ilə deyil, robotların gözlənilməz hərəkətləri ilə də yadda qalıb.
Belə ki, qaçış zamanı robotlardan biri öz operatorunu yerə yıxıb. Boks yarışında isə digər robot rəqibini hakimlə səhv salaraq ona zərbələr endirib.
Yarışlar süni intellekt və robototexnika texnologiyalarının sürətlə inkişaf etdiyini nümayiş etdirsə də, robotların hərəkət koordinasiyası və təhlükəsizliyi ilə bağlı problemlərin hələ də mövcud olduğunu göstərib.
Robotların idman yarışlarında insanlardan daha sürətli nəticələr göstərməsinə baxmayaraq, uzun məsafələrdə onların imkanları hələ də məhduddur.
Məsələn, 2025-ci ilin aprelində Çində keçirilən insanlarla robotların ilk birgə yarımmarafonunda “Tyanqun Ultra” 21 kilometrlik məsafəni 2 saat 40 dəqiqəyə tamamlayıb. İnsanlar arasında dünya rekordu isə 56 dəqiqə 42 saniyədir.
Yarışa qatılan 20 robotdan yalnız dördü dörd saatlıq vaxt limitində finişə çata bilib.
Bununla belə, 2026-cı ilin avqustunda keçirilən robotlar arasında dünya oyunlarında əldə edilən nəticələr texnologiyanın sürətlə inkişaf etdiyini göstərir. “Reuters”in məlumatına görə, yarışlarda 666 komandanın 2 mindən çox robotu 51 müxtəlif növdə mübarizə aparıb.
Qeyd edək ki, robotun 8,64 saniyəlik nəticəsi insan atletikasında rəsmi dünya rekordu hesab olunmur. İnsanlar və robotlar fərqli yarış kateqoriyalarında çıxış edirlər.
00:30 25.10.2026
Oxunuş sayı: 51