BMT dünyada sülhü təmin edə bilmir - bəyanatlar kim üçün verilir?
İran və ABŞ arasında son günlər qarşılıqlı hərbi zərbələrin intensivləşməsi Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Tehran ABŞ-nin bölgədəki hərbi obyektlərinə raket və dronlarla zərbələr endirdiyini bildirir və hücumların yalnız hərbi infrastruktura yönəldiyini vurğulayır. İranın bu addımı ABŞ-nin son hava zərbələrinə cavab olaraq həyata keçirdiyi bildirilir. Qarşılıqlı hücumlar fonunda ABŞ qüvvələrinin yerləşdiyi Qətər, Küveyt, Bəhreyn, İraq və İordaniya kimi ölkələrin də prosesə cəlb olunması münaqişənin regional miqyasının genişlənməsi riskini artırır.
Siyasi şərhçi Aydın Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, davamlı atəşkəs və barışıq əldə olunmadığı müddətdə daha genişmiqyaslı müharibə təhlükəsi qalır:
“Endirilən qarşılıqlı zərbələr həm qarşıdurmanın daha da qızışması riskini artırır, həm də sülh və ya barışıq perspektivlərini daha da uzaqlaşdırır. Bütün hallarda, davamlı barışıq və atəşkəs əldə olunmadığı halda atəşin qarşılıqlı şəkildə davam etdirilməsi yaxın gələcəkdə ciddi, daha genişmiqyaslı müharibə təhlükəsinin hələ də mövcud olduğunu deməyə əsas verir. Elə bir vəziyyətdir ki, burada kimin daha çox məsuliyyət daşıdığını hazırda müəyyənləşdirmək qeyri-mümkündür. Amma görünür ki, hazırkı vəziyyət tərəflərdən heç birini qane etmir. İran da mövcud vəziyyətdən razı deyil, Amerika da. Atəşkəsə nail ola bilmirlər. Belə vəziyyətdə, hər nə qədər qeyri-müəyyən olsa da, İran və Amerika üçün perspektivdə yeganə mümkün variant atəşin, müharibənin davam etdirilməsidir. Ona görə ki, sülhə nail olmaq üçün kompromis lazımdır, kiminsə, hansısa tərəfin geri çəkilməsi lazımdır. Amma nə İran, nə də Amerika geri çəkilmək, öz prinsiplərindən əl götürmək istəyir. Belə şəraitdə münasibətlər və mövqelər tam şəkildə bir-birinin ziddi olduğu üçün müharibənin davam etməsi perspektivindən başqa bir variantdan danışmaq mümkünsüz olur. Hər nə qədər ağır və çətin olsa da, bu müharibənin daha çox davam etmək perspektivi var. Bu müharibənin, İran-Amerika müharibəsinin, təəssüf ki, sonu görünmür. Hansı şərtlərlə sülhün əldə olunacağı belə bu gün dünyada heç kimə bəlli deyil”.

A.Quliyev qeyd edib ki, İran və ABŞ arasında vasitəçilik cəhdlərinin nəticə verməməsi potensial vasitəçilərin prosesdən uzaqlaşmasına səbəb olur:
“Hətta bu gün İranla Amerika arasında vasitəçilik həvəsində olanların da sayı getdikcə azalır. Çünki Türkiyənin, Pakistanın, Qətərin, Omanın və digərlərinin vasitəçilik yönümündə atdığı addımlar heç bir nəticə vermədi. Belə şəraitdə vasitəçi olmaq istəyən potensial ölkələr də ən azı öz reytinqləri xatirinə vasitəçilik missiyası təşəbbüsündən kənarda dayanmağa çalışırlar. Vasitəçilər getdikcə bu işlərdən daha çox soyuyurlar. Amerika-İran münasibətləri gərginləşir. Ortada hər hansı məsələ ilə bağlı ortaq məxrəcə gəlmək meyli görünmür. Bu şəraitdə İran-Amerika münasibətlərinin məzmununda daha çox müharibə təhlükəsi, müharibənin qızışması təhlükəsi mövcuddur”.
Siyasi şərhçinin sözlərinə görə, hazırkı vəziyyətdə beynəlxalq təşkilatların da prosesə təsir imkanları məhdud görünür:
“Təəssüf ki, dünyanın əsas sülh vasitəçisi təşkilatı olan BMT də burada heç bir təşəbbüslə çıxış edə bilmir. Bu şəraitdə İran-Amerika müharibəsinin taleyi yalnız İranın və Amerikanın öz iradəsindən asılı vəziyyətə düşüb, başqa hər hansı vasitəçinin, vasitəçi dövlətin və yaxud beynəlxalq təşkilatın bu işə qarışmasından asılı olmayaraq”.
Nigar Xəlilli
20:00 04.09.2026
Oxunuş sayı: 44