Nano əşyaların interneti
Deyir, bəzən bir kitabı yalnız mövzusuna görə yox, zamanına görə də oxumaq gərək; çün elə kitablar var, onlar mövcud biliyi toplamaqdan daha çox, gələcəyi anlamaq üçün yazılır. Elşən Rəhimov, Elçin İsgəndərzadə və Ceyhun Rəhimovun birgə ərsəyə gətirdiyi, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun xətti ilə yayınlanan “Nano əşyaların interneti” məhz belə nəşrlərdəndir.

Söz vaxtına çəkər; ötən günlərdə “Rəqəmsal dövlət, dərin mədəniyyət və gələcəyin Azərbaycan modeli” adlı yazımızda rəqəmsal transformasiyanın dövlət idarəçiliyi və milli inkişaf fəlsəfəsi baxımından doğurduğu yeni gerçəkliklərdən söz açmışdıq. Bəli, XXI yüzildə texnologiya artıq ayrıca sahə olmaqdan çıxıb, dövlət düşüncəsinin yeni dilinə çevrilib.
İndi isə həmin düşüncənin daha incə qatına – nanoölçülü dünyanın internetinə bir nəzər salaq.
Əşyaların İnterneti (IoT) artıq gələcəyin termini kimi görülmür; budur, o, gündəlik həyatın, sənayenin, kənd təsərrüfatının, səhiyyənin və şəhər idarəçiliyinin ayrılmaz hissəsinə çevrilməkdədir. Mənim yenicə tanış olduğum kitabın müəlliflərin diqqəti Nano Əşyaların İnterneti (Internet of Nano Things – IoNT) anlayışına yönəlir. Bu isə artıq milyardlarla mikrosensorun, nanokomponentin və ağıllı sistemlərin bir-biri ilə bağlantı yaratdığı tamamilə yeni texnoloji mərhələdir.
Mövzunu yalnız texniki terminlər içində boğmaması bu kitabın üstünlüyüdür. Müəlliflərin necə geniş baxış sərgilədiyini görməkçün kitabın içəriyinə baxmaq belə yetərlidir. Burada telematika, böyük verilənlər (Big Data), süni intellekt, bulud hesablama, rəqəmsal metrologiya, peyk sistemləri, nanosensorlar, ERP platformları, kibertəhlükəsizlik, sertifikatlaşdırma, enerji səmərəliliyi, etik problemlər və hüquq çərçivələri vahid sistem kimi təqdim olunur. Bu yanaşma göstərir ki, nano əşyaların interneti təkcə rabitə texnologiyasından daha irəli – bütöv rəqəmsal ekosistemdir.
Diqqət çəkən başqa bir məqam təhlükəsizlik məsələsinə verilən geniş yerdir. Müəlliflər haqlı olaraq nanoölçülü şəbəkələrin inkişafını kibertəhlükəsizlikdən ayrı təsəvvür etmir. Çünki gələcəyin iqtisadiyyatı bilgi (məlumat) üzərində qurulursa, gələcəyin təhlükəsizliyi də həmin bilginin (məlumatın) qorunması üzərində qurulacaq. Bu baxımdan kitabda şifrələmə, risklərin qiymətləndirilməsi, aşağı enerji tələb edən protokollar və bağlantı (kommunikasiya) təhlükəsizliyi barədə ayrıca bölmələrin verilməsi təsadüfi sayılmamalıdır.
Mənim üçün xüsusi maraq doğuran məqamlardan biri isə kitabın texnologiyanı tətbiq baxışı ilə təqdim etməsidir. Səhiyyədə nano cihazlar, ağıllı kənd təsərrüfatı, sənaye avtomatlaşdırılması, şəhər infrastrukturu, yükdaşıma sistemləri, hətta fövqəladə halların idarə olunması kimi istiqamətlər göstərir ki, müəlliflər laboratoriya ilə həyat arasında körpü qurmağa çalışıb.
Bu kitabı oxuyarkən bir fikir tez-tez yada düşür: hər böyük texnoloji devrim əslində mədəniyyət devrimidir.
Çünki texnologiya özü heç nəyi dəyişmir; dəyişən insanın davranışıdır…
Bir zamanlar yazı insan yaddaşını dəyişdi;
çap mədəniyyəti biliyin yayılmasını dəyişdi;
elektrik yaşayış tərzini dəyişdi; internet informasiyanın məkan anlayışını dəyişdi.
Nano əşyaların interneti isə görünür, insanın maddə ilə münasibətini dəyişəcək.
Sabah evimizin divarındakı boya, geyindiyimiz parça, damarımıza yerləşdirilən tibbi nanosensor və ya əkin sahəsindəki görünməz ölçü sistemi eyni informasiya şəbəkəsinin iştirakçısı ola bilər. O zaman “əşya” anlayışının özü də yeni anlam qazanacaqdır.
Bax ona görə bu kitabı yalnız informasiya texnologiyaları mütəxəssislərinin dərsliyi hesab etmək düzgün olmaz; o, eyni zamanda gələcək haqqında düşünən iqtisadçı, hüquqşünas, dövlət qulluqçusu, təhlükəsizlik mütəxəssisi, hətta kulturoloq, futuroloq üçün də maraqlı qaynaqdır.
Ədəbiyyat siyahısına diqqət yetirdikdə də müəlliflərin dünya elmi ilə bağlantılı işlədiyi görünür. IoT sahəsində Adrian Mak Euen (Adrian McEwen), Alasdair Gilkrist (Alasdair Gilchrist), Samuel Qrinqard (Samuel Greengard), Rackumar Buyya (Rajkumar Buyya), Kuno Pfister (Cuno Pfister) kimi tanınmış müəlliflərin əsərləri ilə yanaşı, kibertəhlükəsizlik, süni intellekt, maşın öyrənməsi və sənaye avtomatlaşdırılması üzrə Stüart Rassell və Piter Norviq (Stuart Russell, Peter Norvig), İan Qudfellou (Ian Goodfellow), Kevin Patrik Mörfi (Kevin Patrick Murphy), Yann Lekun (Yann LeCun), Katsuhiko Oqata (Katsuhiko Ogata) və başqa nüfuzlu alimlərin fundamental nəşrlərinə istinad edilməsi kitabın elmi bazasını möhkəmləndirir.

Bu qədər geniş mövzunun bir kitabda tam əhatə olunması bəlkə də mümkün deyil. Nano texnologiyalar sürətlə inkişaf edir, bu sahədə biliklər hər il yenilənir; lakin bax buna görə belə nəşrlər xüsusi önəm qazanır: onlar həm mövcud elmi mənzərəni sistemləşdirir, həm də gələcək araşdırmalar üçün yön göstərir.
Azərbaycanın rəqəmsal inkişaf strategiyası, süni intellekt və innovasiya sahəsində müəyyənləşdirdiyi yeni prioritetlər fonunda belə kitabların nəşri həm akademik hadisədir, həm də milli intellektual təhlükəsizliyin də bir hissəsidir. Çünki texnologiyanı yalnız istifadə edən ölkə olmaqla yetinmək olmaz; onu izah edən, öyrədən və inkişaf etdirən elmi məktəb də formalaşdırmaq lazımdır.
Bir sözlə, “Nano əşyaların interneti” gələcəyin görünməyən dünyasını bugünün oxucusuna görünən edən dəyərli elmi nəşrdir.
Nano ölçüdə başlayan dəyişikliklər, bəlkə də, sabah dövlətlərin, iqtisadiyyatların və sivilizasiyaların miqyasını müəyyən edəcək. Gələcəyin böyük devrimləri bəzən gözlə görünməyəcək qədər kiçik ölçüdə başlamırmı?..
Əkbər QOŞALI
08:23 26.07.2026
Oxunuş sayı: 79