Yeni araşdırma: Gündə 5 fincana qədər qəhvə təhlükəsiz sayılır
ABŞ alimlərinin apardığı yeni araşdırma göstərib ki, gündə beş fincana qədər şəkərsiz və əlavəsiz qəhvə qəbul etmək sağlam böyüklərin əksəriyyəti üçün təhlükəsiz hesab olunur.
Crossmedia.az xəbər verir ki, "CNN Türk" bu barədə məlumat yayıb.
Araşdırmanın nəticələrinə əsasən, gündə iki-dörd fincan qəhvə içən insanlarda ölüm riski ən aşağı səviyyədə qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, ölçülü qəhvə istehlakı ürək çatışmazlığı, koronar ürək xəstəliyi, insult, yüksək qan təzyiqi və 2-ci tip diabet riskinin azalması ilə əlaqələndirilir.
Tədqiqatın həmmüəllifi, Kaliforniya Universitetinin San-Fransisko Tibb Fakültəsinin professoru Qreqori M. Markus qeyd edib ki, əlavə şəkər və yüksək kalorili qatqılar olmadan qəbul edilən qəhvə ürək-damar sağlamlığı üçün əlavə risk yaratmır.
Bununla yanaşı, alimlər vurğulayırlar ki, kafeinin təsiri hər insanda eyni olmur. Genetik xüsusiyyətlər, yaş, maddələr mübadiləsinin sürəti, qəhvə içmək vərdişi və ümumi sağlamlıq vəziyyəti kafeinə həssaslığa təsir göstərir.
Mütəxəssislər bəzi insanların beş fincan qəhvəni rahat qəbul edə bildiyini, digərlərində isə bir fincandan sonra belə ürəkdöyünmə, narahatlıq, titrəmə və yuxu problemlərinin yarana biləcəyini bildirirlər.
Araşdırma müəllifləri hər kəsə qəhvə istehlak edərkən orqanizmin verdiyi reaksiyaları nəzərə almağı tövsiyə edirlər.
14:09 23.07.2026
Oxunuş sayı: 33