Əhməd İsmayılov yeni vəzifəsində bunları edəcək - RƏY
Azərbaycan Prezidenti İlham Əliyev Media və Yayım Şurasının sədri və üzvlərinin təyin olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri vəzifəsinə təyin olunub. Əhməd İsmayılovun bu vəzifəyə təyin edilməsi media sahəsində diqqət çəkən mövzulardan birinə çevrilib. Yeni rəhbərliyin media və yayım sektorunun inkişafı istiqamətində hansı addımları atacağı, eləcə də qarşıdakı mərhələdə hansı dəyişikliklərin baş verəcəyi maraq doğurur.
Mövzu ilə bağlı media eksperti, redaktor.az saytının baş redaktoru Aqil Aslan Crossmedia.az-a açıqlama verib: “Media və Yayım Şurasının səlahiyyətlərinə baxdıqda, burada təkcə tənzimləyici funksiyalardan deyil, həm də medianın inkişafına və iqtisadi dayanıqlığına dəstək verəcək mexanizmlərdən söhbət gedir. Bu baxımdan yeni Şuradan gözləntilər kifayət qədər böyükdür. Hesab edirəm ki, Əhməd İsmayılov MEDİA-ya rəhbərliyi dövründə yazılı, onlayn media ilə bağlı bir çox məsələlər öz həllini tapıb. İndi isə televiziyalarla bağlı ciddi dəyişikliklərə ehtiyac olduğunu düşünürəm. Bu gün televiziya sektorunun əsas problemlərindən biri keyfiyyətli və tamaşaçı üçün cəlbedici audiovizual məhsulların istehsalıdır. Şuranın audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, müsabiqələr keçirmək imkanının olması bu istiqamətdə yeni imkanlar yaradır”.

A.Aslan qeyd edib ki, bu mexanizmdən istifadə etməklə televiziyalarda daha keyfiyyətli sənədli filmlərin, maarifləndirici və analitik proqramların, cəmiyyət üçün əhəmiyyətli layihələrin hazırlanmasına ciddi dəstək göstərilə bilər: “Televiziyalarda illərdir üstünlük təşkil edən bayağı şou formatlarının artıq tamaşaçıda əvvəlki marağı yaratmadığı qənaətindəyəm. O baxımdan yeni yaradılan Şuranın bu məsələləri də tənzimləyəcəyinə ümid edirəm. Yəqin ki, çoxsaylı həmkarlarım mənimlə razılaşar ki, dövlət qurumları ilə media arasında münasibətlərin daha da yaxşılaşdırılmasına ehtiyac var. Əhməd İsmayılovun yeni vəzifəsində dövlət qurumları ilə media subyektləri arasında daha çevik və effektiv kommunikasiya mexanizmlərinin yaradılmasına töhfə verəcəyini düşünürəm. Jurnalistlərin informasiyaya çıxışının asanlaşdırılması, dövlət qurumlarının media ilə daha operativ işləməsi və qarşılıqlı etimadın artırılması burada mühüm istiqamətlər ola bilər”.
Ayhan
19:45 11.09.2026
Oxunuş sayı: 47