Azərbaycan-Meksika münasibətləri dostluq və tərəfdaşlığa əsaslanır
Azərbaycan-Meksika münasibətləri dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Müstəqillik Günü münasibətilə Şuşada keçirilən qəbulda bildirib.
Hacıyev qeyd edib ki, iki ölkə arasında əlaqələrin mühüm tarixi təməli Meksika Prezidentinin 1978-ci ildə Bakıya səfəri və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1982-ci ildə Meksikaya səfəri ilə qoyulub.
Onun sözlərinə görə, həmin tarixi təmaslar Azərbaycan-Meksika dostluğunun sonrakı inkişafında mühüm rol oynayıb.
Hacıyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Meksika ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Hazırda iki ölkənin Bakı və Mexikoda səfirlikləri fəaliyyət göstərir.
O, Azərbaycan və Meksika arasında yaxın siyasi əlaqələrin və davamlı siyasi dialoqun mövcud olduğunu vurğulayıb.
Hacıyev, həmçinin Meksikanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
21:19 11.09.2026
Oxunuş sayı: 47