Bakalavr 3 il olur - hansı ixtisaslar bura daxildir?
Azərbaycanda bakalavr təhsilinin müddətinin azaldılması məsələsi yenidən gündəmə gəlib. Milli Məclisdə bu mövzunun ictimai dinləmələrə çıxarılması təklif olunub. Müzakirələrin əsas istiqamətlərindən biri bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi ilə bağlıdır. Dünyada da bu istiqamətdə yeni tendensiyalar müşahidə olunur və bəzi universitetlər üçillik bakalavr modelinə keçirlər. Belə bir dəyişiklik ali təhsilin əmək bazarının tələblərinə daha çevik uyğunlaşdırılması və gənclərin əmək bazarına daha tez daxil olması baxımından müzakirə edilir. Bəs Azərbaycanda bakalavr təhsilinin müddətinin qısaldılması nə dərəcədə məqsədəuyğundur?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Crossmedia.az-a açıqlamasında bildirib ki, humanitar sahələr üzrə bakalavr təhsilinin 3 ilə endirilməsi müzakirə edilə bilər.
Ekspertin sözlərinə görə, Azərbaycanda bakalavr sistemində hibrid tədrisə keçilməsi, yəni humanitar sahələrin məsafədən tədris olunması həm müəyyən sıxlığın qarşısının alınması, həm də tədris yükünün bir qədər azaldılması məqsədi daşıyır.
“Lakin ümumilikdə belə bir müzakirə də var idi ki, bəlkə humanitar sahələr üzrə 4 illik bakalavr dərəcəsi həddindən artıq çoxdur. Mümkün qədər bu prosesi sürətləndirmək və proqramı elə tərtib etmək lazımdır ki, materiallar 3 il ərzində əhatə olunsun və insanlar əmək bazarına daha tez atıla bilsinlər. Süni intellektin artıq insanların bəzi işlərini gördüyü və onları əvəz etdiyi bir dövrdə bakalavr təhsili üçün 4 il vaxt itirməyə dəyməz.

Yeri gəlmişkən, magistratura səviyyəsi üçün də artıq Elm və Təhsil Komitəsində deputat Ceyhun Məmmədov tərəfindən bu müddətin 1 ilə endirilməsi təklif olunub. Məncə, bunda da bir məntiq var. Gənclər əmək bazarına nə qədər tez atılsalar, bir o qədər faydalı olar. Əks halda, 4 il bakalavr və 2 il magistratura təhsili gənclər üçün vaxt itkisi sayılır. Məhz buna görə də magistraturaya maraq azalıb və hər il minlərlə vakant yer boş qalır. Düşünürəm ki, bu sahədə islahatların aparılması çox faydalı olardı”.
Zeynəb Həsən
19:00 11.09.2026
Oxunuş sayı: 45