Manual terapiyanın yol açdığı fəsadlar - disk sürüşməsi, yırtıq...
Manual terapiya xüsusilə bel və boyun ağrılarının müalicəsində istifadə olunan üsullardan biridir. Ümumdünya Səhiyyə Təşkilatı xroniki bel ağrısı zamanı onurğa manipulyasiyasının digər müalicə üsulları ilə birlikdə tətbiq oluna biləcəyini bildirir. Araşdırmalar isə bu üsulun ağrı və hərəkət funksiyasında müəyyən yaxşılaşma yarada biləcəyini, lakin təsirin bütün pasiyentlər üçün eyni olmadığını göstərir.
Bununla yanaşı, manual terapiya hər kəs üçün uyğun hesab edilmir və xüsusilə onurğa ilə bağlı problemlər, sümük kövrəkliyi və digər risk faktorları əvvəlcədən nəzərə alınmalıdır.
Terapevt Nərminə Abbasova Crossmedia.az-a açıqlamasında manual terapiya ilə bağlı ehtiyatlı davranmağın vacib olduğunu bildirib: “Manual terapiyada çox ehtiyatlı davranmaq lazımdır. Çünki əzələ gərginliklərində bu manual terapiya əzələlərin dartılmasına, qopmasına səbəb ola bilər”.
Onun sözlərinə görə, onurğa sütununda və fəqərələrarası disklərdə müəyyən problemlər olduğu halda manual terapiya əlavə fəsadlara yol aça bilər: “Onurğa sütununda, fəqərələr arasında, disk arası məsafədə yırtıq, protruziya, hətta qabarma olan halda belə manual terapiya, düzünü deyim ki, bir əks-göstəriş ola bilər və ikincili ağırlaşma, fəsadlaşma əmələ gətirə bilər. Əzələlər sərt olduğu halda dartıldıqda qopma əmələ gələ bilər. Mən manual terapiyalarda ilk öncə isidici prosedurlardan, fizioterapiyalardan istifadə, sonda yüngül manual terapiya tətbiq olunmasının lehinə olardım”.
Nərminə Abbasova qeyd edib ki, manual terapiya yalnız mütəxəssis tərəfindən həyata keçirilməlidir: “Hazırda Azərbaycanda manual terapiya ilə məşğul olan insanlar çoxdur. İçində həkimlər də var, həkim olmayanlar da var. Yanlış bir addım böyük bir xəstəliklə fəsadlaşmış şəkildə ömürlük bir şikəstliyə də, əziyyətə də səbəb ola bilər. Ona görə mən bir həkim olaraq, düzünü deyim ki, manual terapiyanın əleyhinəyəm. Çünki daha yumşaldıcı müalicələr daha effektiv ola bilər. Ümumiyyətlə, profilaktika baxımından, xəstələnmədiyiniz halda yüngül şəkildə bundan istifadə etmək olar. O da yenə də mütəxəssis tərəfindən”.
Nigar Xəlilli
19:15 11.09.2026
Oxunuş sayı: 43