Ortaq türk əlifbasına keçilir - Özbəkistandan böyük addım
Özbəkistanın ortaq türk əlifbasına uyğunlaşdırılmış yeni əlifbanı qəbul etməsi Türk dünyasında vahid yazı sisteminə keçid istiqamətində növbəti mühüm addımdır. 2024-cü ildə Türk Dövlətləri Təşkilatı çərçivəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzrə razılıq əldə edilib. 2026-cı ilin iyununda isə Qazaxıstan və Qırğızıstan üçün bu əlifbaya əsaslanan variantlar təsdiqlənib. Azərbaycan isə latın qrafikalı əlifbadan artıq istifadə edən ölkələrdəndir.
Özbəkistanın yeni qərarı ilə “o‘”, “g‘”, “sh” və “ch” yazılışlarının “ö”, “ğ”, “ş” və “ç” ilə əvəzlənməsi dil baxımından digər türk dilləri ilə yazılı yaxınlığı artırır. Bu proses ortaq əlifbanın yalnız texniki dəyişiklik deyil, Türk dünyasında qarşılıqlı anlaşma, təhsil, mədəniyyət və informasiya mübadiləsini asanlaşdıran ortaq platformaya çevrilməsi baxımından da diqqət çəkir.
Professor Firidun Cəlilov türk ölkələrinin ortaq əlifbaya keçid istiqamətində atdığı addımları müsbət qiymətləndirərək bunun xalqların yaxınlaşması baxımından mühüm olduğunu Crossmedia.az-a açıqlamasında bildirib: “Biz bu mərhələni 35 il bundan qabaq keçmişik. 1991-ci ildə mənim təklifimlə İstanbulda bir simpozium keçirildi. Bütün türk alimlərini, nümayəndələrini ora dəvət etdilər. Üç gün davam edən simpoziumun adı ‘Uluslararası Ortak Türk Alfabesi’ idi. Üç gündən sonra 34 hərflik ortaq türk əlifbasını qəbul etdik. Həmin simpoziumun materialları da kitab kimi çap olundu. Bu, tarixi faktdır”.

Professor qeyd edib ki, həmin dövrdə Azərbaycanda Əlifba Komissiyasının və parlamentin Elm, təhsil, mədəniyyət komissiyasının sədri kimi ortaq əlifbanın ölkədə qəbul edilməsində iştirak edib: “Türkiyədən qəbul etdiyimiz əlifbanı mən burada parlamentə təqdim etdim. Çox çətinliklə olsa da, 1991-ci il dekabrın 25-də ortaq türk əlifbası Azərbaycanda qəbul olundu. İndi siz hesablayın, görün neçə il keçib. Biz neçə ildir artıq ortaq türk əlifbasından istifadə edirik. Digər türk ölkələri isə indi başlayıblar. Yəni 35-34 ildən sonra indi başlayıblar”.
Firidun Cəlilov vurğulayıb ki, ortaq əlifbanın əsas məqsədlərindən biri türk xalqlarının bir-birini daha yaxından tanımasına və yazılı ünsiyyətin asanlaşmasına şərait yaratmaqdır: “Biz o əlifbanı tərtib edib qəbul edəndə nəzərdə tutmuşduq ki, digər türk ölkələri də qəbul etsin, hamımız eyni əlifbada yazıb-oxuyaq. Xalqların yaxınlaşması, bir-birini yaxından tanıması üçün əlifbaları eyni olmalıdır ki, bunlar onların yazılarını oxusun, onlar bunların yazılarını oxusun. Bu mənada, nəhayət, 34 ildən sonra bizim qəbul etdiyimiz əlifbanı qəbul edirlərsə, bunu alqışlamaq lazımdır”.
Akademik Nizami Cəfərov Özbəkistanın əlifbasını ortaq türk əlifbası modelinə uyğunlaşdırması ilə bağlı addımın gözlənilən olduğunu açıqlamasında bildirib: “Bu, gözlənilən bir məsələ idi. Çünki artıq bu problemlər bir neçə görüşdə müzakirə olunub, həll olunub. Özbəkistandan, özbəklərdən ümumən xahiş olunurdu ki, öz əlifbalarını ortaq türk əlifbası dediyimiz nümunəvi əlifba modelinə uyğunlaşdırsınlar. Əsas məsələ Ç və Ş hərflərinin ingilis formatında yazılması idi ki, özbəklər o cür qəbul etmişdilər. Amma ortaq bir türk əlifbası yaradırıqsa, orada eyni bir işarənin ifadə etdiyi eyni bir səs olmalıdır və yaxud əksinə, eyni bir səs eyni bir işarə ilə ifadə olunmalıdır. Bir səsin iki işarə ilə, yəni diqrafla ifadə olunması düzgün deyil”.

Akademik qeyd edib ki, sağır nunun işarələnməsi ilə bağlı ortaq əlifbada müəyyən sərbəstlik mövcuddur və Özbək dilində də fonetik xüsusiyyətlərlə bağlı müzakirələr davam edir: “Sağır nun ilə bağlı məsələdə burada sərbəstlik var. Yəni ‘ng’ şəklində yox, sağır nunun ayrıca işarəsi var, ‘n’-ə əlavə olunan bir elementlə ifadə olunmalıdır. Bəzi türk dilləri var ki, orada sağır nun qalır. Vaxtilə bizdə də olmuşdu, amma sonra Azərbaycanda kütləvi xarakter daşımadığına görə ortadan qalxdı. Halbuki onun Azərbaycan dilində də sözləri bir-birindən fərqləndirmə funksiyası var idi. Özbək dilinin yazısında, fonetik quruluşunda hələ bir sıra məsələlər var ki, yenə müzakirə olunur. Xüsusilə O və A məsələləridir. Ümumiyyətlə, özbək dilində yazıda altı sait qərarlaşıb, amma onların dilində doqquza qədər sait var. Onlar yəqin ki, həmin saitlər üzərində düşünürlər və ola bilsin ki, onlar nə vaxtsa əlifbaya qaytarılsın”.
Nizami Cəfərov vurğulayıb ki, ortaq türk əlifbası türk dillərinin yazılı formasını bir-birinə yaxınlaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır: “Ortaq türk əlifbası hazırdır və türk dillərini, hələlik dövləti olan türk xalqlarının dillərini, ədəbi dillərini, yazısını bir-birinə yaxınlaşdırır. Biz heç bir çətinlik çəkmədən bir-birimizin yazısını dəqiq oxuya bilirik. Bəzən elə əlifbalar olurdu ki, orada o yazını oxumaq mümkün deyildi. Amma indi ümumi təsəvvür imkan verir ki, biz altı müstəqil türk dilinin yazısını səhv etmədən oxuyaq. İndi o sözlərin mənasını nə dərəcədə başa düşəcəyik, bu ayrı məsələdir, amma oxuduğumuz düz olacaq. Mən bu yaxınlaşmanın bu tərəfini xüsusi qeyd edirəm”.
Nigar Xəlilli
19:30 11.09.2026
Oxunuş sayı: 85