Davudoğlunun sözləri Türkiyə siyasətini silkələyə bilərmi?
Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu prezidentin təhqir edilməsi maddəsi üzrə açılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs kimi göstərilib. Araşdırmaya Davudoğlunun 14 aprel 2022-ci ildə etdiyi çıxışın yer aldığı köhnə videonun qəfil şəkildə sosial şəbəkələrdə yenidən geniş yayılması səbəb olub. Videonun Ankara Baş Prokurorluğunun diqqətini cəlb etməsindən sonra məsələ ilə bağlı hüquqi araşdırmaya başlanılıb.
Hadisənin diqqətçəkən məqamlarından biri isə Əhməd Davudoğlunun cəmi bir neçə gün əvvəl aktiv siyasi fəaliyyətini başa çatdırdığını və rəhbərlik etdiyi Gələcək Partiyasının buraxıldığını açıqlaması fonunda bu araşdırmanın gündəmə gəlməsidir. Türkiyə siyasətinin tanınmış simalarından biri olan, vaxtilə Ədalət və İnkişaf Partiyasında yüksək vəzifələr tutaraq Baş nazir postuna qədər yüksələn Davudoğlu ilə bağlı proses ölkənin siyasi gündəmində yeni müzakirələr yaradıb.
Bəs Davudoğlu ilə bağlı araşdırma Türkiyənin daxili siyasətində hansı proseslərin göstəricisidir? Keçmiş Baş nazirin illər əvvəl səsləndirdiyi fikirlərin yenidən gündəmə gətirilməsi siyasi qüvvələr arasındakı münasibətlərə necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlamasında bildirib ki, Türkiyə siyasətində bu cür hallar zaman-zaman baş verir və ölkənin çoxpartiyalı siyasi sistemi fərqli siyasi qüvvələrin qarşıdurması ilə müşayiət olunur.
“Türkiyə siyasətində belə hallar zaman-zaman çox olur. Partiya sədrlərinin həbsi də baş verir, hazırda həbsdə olanlar və həbsdən buraxılanlar da var. Orada çoxpartiyalı sistem hökm sürür. Əslində, həmin siyasi komandaların böyük əksəriyyəti Ədalət və İnkişaf Partiyasının daxilindən çıxan şəxslərdir, çox az bir qismi isə başqa partiyalardan gəlib.
Əhməd Davudoğlu vaxtilə Türkiyə siyasətində, xüsusilə də Ədalət və İnkişaf Partiyasının daxilində özünəməxsus bir fiqur idi və Baş nazir səviyyəsinə qədər yüksəlmişdi. O, kifayət qədər önəmli bir şəxsdir. Sonradan Ədalət və İnkişaf Partiyasından ayrılaraq Gələcək Partiyasını qurdu.
Əhməd Davudoğlunun Ərdoğanı təhqir edə biləcək qədər böyük bir potensialı yoxdur. Yəni təhqir edib bunun arxasında dayanacaq gücə sahib deyil. Ona görə də bu fikir daha çox Türkiyənin daxili siyasətində partiyalararası savaşı artırmağa yönəlib.
Amma düşünmürəm ki, Türkiyə siyasətində böyük bir gərginlik yaşansın. Çünki Türkiyə böyük dövlətdir, çoxpartiyalı sistemə malikdir. Digər partiyalarda olan bir sıra şəxslər də vaxtilə Ərdoğanın Ədalət və İnkişaf Partiyasından çıxıblar. İstər Əli Babacan, istərsə də Əhməd Davudoğlu buna nümunədir. Digər siyasi qüvvələrin bir qismi isə vaxtilə Nəcməddin Ərbakanın siyasi komandasından ayrılan şəxslərdən formalaşıb. Məsələn, Təməl Karamollaoğlu kimi siyasi xadimləri qeyd etmək olar.
Yəni Türkiyə siyasəti çox mürəkkəb siyasi sistemdir. Ona görə də orada tam olaraq nələrin baş verəcəyini dəqiq demək çətindir. Amma hər halda, Türkiyə uzun illər ərzində siyasi sistemi formalaşmış və oturuşmuş dövlətlər sırasındadır.
Ona görə də keçmiş Baş nazirin söylədiyi fikrə təhqir kimi yanaşmaqdansa, tənqid kimi yanaşmaq olar. Təbii ki, bəzi jurnalistlər bunu araşdıracaqlar. Amma Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyasında və Ərdoğanın yanında müəyyən siyasi tarixçəsi var. Bu da önəmli məsələdir”.
Zeynəb Həsən
18:05 04.09.2026
Oxunuş sayı: 47