Türkiyə parlamenti Məkkə sazişini təsdiqləyib
Türkiyə parlamentinin Xarici əlaqələr komitəsi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Birgə Müdafiə üzrə Məkkə sazişinin ratifikasiyasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Saziş avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən Məkkədə imzalanıb.
Sənədə əsasən, tərəflərdən birinə silahlı hücum digər iki ölkəyə də hücum kimi qiymətləndiriləcək. Razılaşma kollektiv müdafiəni, hərbi koordinasiyanı, müdafiə sənayesi sahəsində əməkdaşlığı, birgə istehsalı və texnologiya mübadiləsini nəzərdə tutur.
Türkiyənin xarici işlər nazirinin müavini Levent Gümrükçü sazişin müdafiə xarakteri daşıdığını və heç bir ölkəyə qarşı yönəlmədiyini bildirib.
Sənədin qüvvəyə minməsi üçün Türkiyə parlamentinin Baş Assambleyasında da təsdiqlənməsi tələb olunur. Səudiyyə Ərəbistanı və Pakistan isə sazişin daxili təsdiq prosedurlarını artıq tamamlayıblar.
22:05 27.10.2026
Oxunuş sayı: 55