Nadir Məmmədli: Milyonlarla azərbaycanlının ana dili məsələsi diqqətdən kənarda qalmamalıdır
Azərbaycan Milli Elmlər Akademiyasının İranda yaşayan azərbaycanlıların ana dili ilə bağlı vəziyyətə dair İrana məktub göndərməsi məsələni yenidən gündəmə gətirib. Milyonlarla azərbaycanlının yaşadığı ölkədə Azərbaycan dilinin qorunması, tədrisi və ali təhsil səviyyəsində təmsilçiliyi milli-mədəni hüquqlar baxımından xüsusi əhəmiyyət daşıyır. Ana dilinin təhsil sistemində yer alması yalnız dilin yaşadılması deyil, həm də milli kimliyin, ədəbiyyatın və mədəni irsin gələcək nəsillərə ötürülməsi məsələsidir. AMEA-nın müraciəti bu istiqamətdə mövcud vəziyyətin və tədris imkanlarının genişləndirilməsi yollarının müzakirəsini aktuallaşdırır.
AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli Crossmedia.az-a açıqlamasında bildirib ki, azərbaycanlıların sayını və milli dilin qorunmasının əhəmiyyətini nəzərə alaraq, bu istiqamətdə mövcud problemlərə diqqət yetirilməlidir.
O, İranda yaşayan azərbaycanlıların ana dili ilə bağlı vəziyyətini şərh edərək deyib: “Mən demirəm ki, İranda yaşayan azərbaycanlılar fars dilini bilməməlidirlər. Bu, başqa məsələdir. Ancaq milli dilin bu qədər sıxışdırılması düzgün deyil. Söhbət böyük bir xalqdan gedir, bu qədər insanın ana dili məsələsi diqqətdən kənarda qalmamalıdır”.
Nadir Məmmədli universitetlərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi imkanlarına da toxunub. O, İranda yaşayan azərbaycanlıların sayına uyğun olaraq bu sahədə daha geniş imkanların yaradılmasını vacib hesab edir: “İranda ermənilər kimi sayca az olan xalqların məktəbləri və universitetlərdə təhsil imkanları mövcuddur. Ancaq milyonlarla azərbaycanlının yaşadığı bir ölkədə Azərbaycan dili və ədəbiyyatının ali təhsil səviyyəsində təmsilçiliyi məsələsi düşündürücüdür. Bu, yaxşı əlamət deyil və diqqət yetirilməlidir”.
Professorun fikrincə, məsələnin həllində qarşılıqlı anlaşma və mərhələli yanaşma əsas rol oynamalıdır. “Azərbaycanla İran arasında qonşuluq və dostluq münasibətləri var. Prezident Məsud Pezeşkianın Azərbaycan ədəbiyyatına, o cümlədən Şəhriyarın “Heydərbabaya salam” əsərinə bələd olması da mədəni əlaqələrin əhəmiyyətini göstərir. Düşünürəm ki, bu məsələlərə diqqət yetirmək, izahat və maarifləndirmə işlərini gücləndirmək, problemlərin həllinə mərhələli şəkildə yanaşmaq lazımdır”.
Nigar Xəlilli
19:45 27.10.2026
Oxunuş sayı: 62