“Premium Residence” MTK ağacları kəsib? - ARAŞDIRMA
Bakının Nərimanov rayonu, Əlizadə küçəsində, 303 saylı uşaq bağçasının qarşısındakı yaşıllıq zolağında ağacların kəsilməsi ilə bağlı vətəndaş iddiasını araşdırırıq. Məsələ mediada yayımlandıqdan sonra ərazidə tikinti işlərini həyata keçirən “Premium Residence” MTK iddialara münasibət bildirib. Şirkət ağacların kəsilməsi ilə bağlı səsləndirilən fikirləri təkzib edərək, hadisənin əslində kök sistemi zəif olan bir ağacın aşması nəticəsində baş verdiyini açıqlayıb.
Vətəndaşın iddiasına görə, sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı narahatlıq yaranıb. Məlumat ictimailəşdikdən sonra isə ərazidə baş verənlərin aydınlaşdırılması, ağacların hansı səbəbdən yoxa çıxması və yaşıllıq zolağında hər hansı müdaxilənin olub-olmaması ilə bağlı suallar ortaya çıxıb.
“Premium Residence” MTK-dan bildirilib ki, səsləndirilən iddialar tamamilə əsassızdır. Şirkətin açıqlamasına görə, kök sistemi zəif olan bir ağac gecə saatlarında aşıb və yaxınlıqda park edilmiş avtomobillərə zərər vurub. Həmçinin qeyd olunub ki, ərazidə kütləvi ağac kəsilməsindən söhbət gedə bilməz.
Crossmedia.az hadisə baş verdikdən sonra çəkilmiş videonu da əldə edib. Görüntülərdə ağacın kəsilmədiyi, kökündən qoparaq aşdığı aydın şəkildə əks olunub. Hadisə zamanı “Niva” markalı avtomobilə və hasara zərər dəydiyi də videodan görünür. Beləliklə, əldə etdiyimiz görüntülər konkret hadisə zamanı ağacın kəsilməsini deyil, kökündən qoparaq aşmasını təsdiqləyir.
Şirkətdən, həmçinin bildirilib ki, sözügedən ərazidə tikinti işləri artıq bir müddətdir başa çatdırılıb. Hazırda ətraf sahədə abadlıq işləri aparılır. “Premium Residence” MTK gələcəkdə burada yeni ağacların əkilməsinin və ərazinin sakinlərin istifadəsinə verilməsinin nəzərdə tutulduğunu da qeyd edib.
Məsələ ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə zamanı ağac kəsilməsi faktı olmayıb.
Beləliklə, vətəndaşın ağacların kəsilməsi ilə bağlı iddiası araşdırılarkən əldə olunan video görüntülər konkret hadisənin ağacın aşması ilə bağlı olduğunu göstərir. “Premium Residence” MTK isə ərazidə kütləvi ağac kəsilmədiyini, tikinti işlərinin başa çatdığını və yaşıllıq sahəsinin abadlaşdırılmasının nəzərdə tutulduğunu bildirir.
17:31 27.10.2026
Oxunuş sayı: 310