Kreml: Putin, Stubb və Störe telefon əlaqələrini davam etdirəcəklər
Rusiya Prezidenti Vladimir Putin, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe birbaşa telefon əlaqələrini davam etdirmək barədə razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, Kreml üç ölkə liderinin telefon danışığının yekunlarına dair məlumat yayıb.
Bildirilib ki, Putin Ukraynadakı münaqişənin mövcud vəziyyətini qiymətləndirib və müharibənin ilkin səbəbləri ilə bağlı Rusiyanın mövqeyini xatırladıb.
Rusiya Prezidenti uzunmüddətli sülhə nail olunmasının ölkəsinin qanuni maraqlarının tam və qeyd-şərtsiz nəzərə alınması ilə mümkün olduğunu vurğulayıb.
Kremlin məlumatına görə, danışıq zamanı Avropa İttifaqı və NATO ölkələrinin siyasəti də müzakirə olunub. Rusiya tərəfi həmin siyasətin qarşıdurmanı gücləndirdiyini və hərbi əməliyyatların uzanmasına səbəb olduğunu iddia edib.
Liderlər Baltik dənizi regionunda və Şimali Avropada təhlükəsizliyin və sabitliyin təmin edilməsi məsələlərinə də toxunublar.
Bundan əlavə, Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə danışıqların keçirilməsi ilə bağlı əldə edilmiş razılaşma müsbət qiymətləndirilib.
Telefon danışığının sonunda Putin, Stubb və Störe birbaşa əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
16:55 27.10.2026
Oxunuş sayı: 53