ABŞ-nin səhiyyə naziri ərəblərlə bağlı açıqlaması ilə etirazlara səbəb olub
ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi-kiçik ərəb xalqlarının elm və ədəbiyyata töhfələri ilə bağlı mübahisəli açıqlama verib.
Crossmedia.az xəbər verir ki, “Mediaite” nəşri bu barədə məlumat yayıb.
Kennedi oktyabrın 26-da Miçiqan ştatının Qrand-Rapids şəhərində Respublikaçılar Partiyasının namizədi Mayk Rocersin seçki tədbirində çıxışı zamanı dünyada yaşayan təxminən 500 milyon ərəbin elmi nailiyyətlərini şübhə altına alıb.
“Dünyada 500 milyon ərəb yaşayır. Lakin onlar elmi işlər ortaya qoymurlar, Nobel, Filds və Vulf mükafatlarını qazanmırlar, ədəbiyyat yaratmırlar”, – deyə nazir iddia edib.
O, İsrailin Yaxın Şərqdə yüksək texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkərək ərəb ölkələrində oxşar inkişafın baş verməməsini “Müsəlman Qardaşları” təşkilatının təsiri ilə əlaqələndirib.
Kennedinin açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub.
İstifadəçilər nazirin iddialarının faktlarla ziddiyyət təşkil etdiyini bildirərək Nobel mükafatı qazanmış ərəb alim və yazıçılarını xatırladıblar.
Qeyd edək ki, misirli yazıçı Nəcib Məhfuz 1988-ci ildə ədəbiyyat, misirli alim Əhməd Züveyl 1999-cu ildə kimya, yəmənli hüquq müdafiəçisi Təvəkkül Kərman isə 2011-ci ildə sülh üzrə Nobel mükafatına layiq görülüblər.
16:59 27.10.2026
Oxunuş sayı: 48