Danimarka Baş naziri Putinlə danışan Avropa liderlərini tənqid edib
Danimarkanın Baş naziri Mette Frederiksen Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmasını tənqid edib.
Crossmedia.az xəbər verir ki, Danimarkanın “DR” ictimai teleradio şirkəti bu barədə məlumat yayıb.
Frederiksen Avropa ölkələrinin Rusiya ilə münasibətlərdə vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb.
“Mən hesab edirəm ki, Avropa ölkələri ayrı-ayrılıqda addımlar atmaq əvəzinə, birlikdə hərəkət etməlidirlər”, – deyə Danimarkanın Baş naziri bildirib.
O, Rusiyanın Ukraynada sülhə nail olmaq üçün real iradə nümayiş etdirdiyinə dair hər hansı əlamət görmədiyini də qeyd edib.
Frederiksen Finlandiya və Norveç liderlərinin təşəbbüsünün digər Avropa ölkələri ilə razılaşdırılmadığını vurğulayıb.
Öz növbəsində, Aleksandr Stubb və Yonas Qar Störe Putinlə danışıqlarda bütün Avropanı deyil, yalnız öz ölkələrini təmsil etdiklərini bildiriblər.
Hər iki lider Finlandiya və Norveçin Ukraynaya dəstəyini davam etdirəcəyini təsdiqləyib.
Qeyd edək ki, oktyabrın 27-də keçirilən telefon danışığı zamanı Ukraynadakı müharibənin başa çatdırılması və Əbu-Dabidə planlaşdırılan sülh danışıqları müzakirə olunub.
17:29 27.10.2026
Oxunuş sayı: 85