Cazın sehri və romantikanın səsi — “Frank Sinatra” gecəsi
Oktyabr 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında cazın, svinqin və romantik musiqinin əfsanəvi səsi Frank Sinatranın repertuarından seçilmiş dünya şöhrətli əsərlərdən ibarət “Frank Sinatra” gecəsi keçirilib.
Konsertin açılışında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Maykl Heket çıxış edib. O, Frank Sinatranın musiqi dünyasına bəxş etdiyi zəngin irsə toxunaraq sənətkarın dünya musiqisindəki özünəməxsus mövqeyini vurğulayıb.
“O, necə də gözəldir” (“Isn’t She Lovely”), “Dəfələrlə” (“Over and Over”), “Mənim yolum” (“My Way”), “Səni istədiyim üçün axmağam” (“I’m a Fool to Want You”), “Nyu-York, Nyu-York” (“New York, New York”) və digər sevilən mahnılar Əməkdar artist Fərid Əliyev, Roman, Vaqif Nağıyev, Nofəl Aslanov, Atilla Məmmədov, eləcə də teatrın solistləri Azad Şabanov və Natəvan Həsənovanın ifasında Estrada-simfonik orkestrinin (dirijor Ellada Həsənova) müşayiəti ilə səsləndirilib.
Gecənin sürpriz qonaqları Əməkdar artist Emil Əfrasiyab və Araz İmanov olub. Onların tədbirdə iştirakı musiqi gecəsinə xüsusi rəng qataraq tamaşaçılar üçün xoş sürprizə çevrilib.
“Frank Sinatra” gecəsi caz və svinq musiqisinin özünəməxsus ruhunu, romantik melodiyaların zərifliyini və dünya musiqi irsinin zənginliyini bir araya gətirərək tamaşaçılara yaddaqalan musiqi axşamı yaşadıb.
17:52 27.10.2026
Oxunuş sayı: 70