Müasir radio jurnalistikası bir kitabda: BDU-nun yeni dərsliyi təqdim olundu
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri dosent Aynur Nəsirovanın həmmüəllifi olduqları “Radio jurnalistikası” dərsliyinin təqdimatı keçirilib.
Bu barədə Crossmedia.az -a BDU-dan məlumat verilib.
Tədbirdə BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli təqdimatı keçirilən dərsliyin müasir radio jurnalistikasında önəmli olan bütün əsas istiqamətləri əhatə etdiyini və praktik cəhətdən faydalı olduğunu qeyd edib. Professor bildirib ki, kitabda yer alan praktik mülahizələr və uğurlu radio materialı hazırlamaq üçün verilən tövsiyələr bu sahəyə maraq göstərənlərə etibarlı bələdçi olacaq.
Daha sonra çıxış edənlər – “ARB 24” telekanalının direktoru Radik İsmayılov, Azərbaycan Respublikası Media və Yayım Şurasının üzvü Fazil Novruzov, AzTV-nin sədr müavini Rafiq Həşimov, Azərbaycan Radiosunun direktoru Billurə Aslanqızı, “Pro Media Group” MMC-nin təsisçisi və rəhbəri Cavid Neymətzadə, Əməkdar jurnalist Namiq Əhmədov və Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Əliyev bu kitabın Azərbaycan radiosunun 100 illiyi üçün əsl töhfə, radiojurnalistikanın nəzəri əsaslarının müasir yanaşmalarla işlənməsi baxımından uğurlu olduğunu bildirib, hər iki müəllifi təbrik ediblər.
Sonda kitabın müəllifləri Xatirə Hüseynova və Aynur Nəsirova Azərbaycan radiosunun yüzillik ənənəsini və müasir yanaşmasını özünə ehtiva edən dərsliyin müasir mediamızın inkişafına uğurla xidmət edəcəyinə inamlarını ifadə ediblər.
18:22 27.10.2026
Oxunuş sayı: 50