Süni intellekt jurnalistikada etik prinsipləri dəyişdi - Ekspertlər açıqladı
Süni intellektin media fəaliyyətində geniş istifadəsi, şəxsi məlumatların yayılması və ictimai maraqla fərdi hüquqlar arasında tarazlığın qorunması jurnalistikanın qarşısında yeni etik və hüquqi çağırışlar yaradır. Azərbaycan jurnalistlərinin IX qurultayında “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na edilən əlavələr də məhz bu məsələləri əhatə edir. Yeniliklər süni intellektlə hazırlanmış materialların yoxlanılması, müəlliflik hüquqlarına riayət olunması, şəxsi həyatın toxunulmazlığının qorunması və məlumatların ictimai əhəmiyyətinin düzgün qiymətləndirilməsinə dair tələbləri önə çıxarır. Bu dəyişikliklər rəqəmsal dövrdə jurnalist məsuliyyətinin sərhədlərini və peşə etikası prinsiplərinin tətbiqini yenidən gündəmə gətirir.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Crossmedia.az-a açıqlamasında bildirib ki, yeni tələblər süni intellektdən istifadə zamanı jurnalistlərin peşəkar məsuliyyətini və redaksiya nəzarətini gücləndirməyə xidmət edir.

Media eksperti süni intellektin jurnalistikada yaratdığı imkanlarla yanaşı, mümkün risklərə də diqqət çəkib: “Süni intellekt texnologiyalarının jurnalistikaya inteqrasiyası informasiya istehsalını sürətləndirir və əhatə dairəsini genişləndirir. Lakin bu proses jurnalistikanın əsas prinsipləri olan dəqiqlik, obyektivlik, qərəzsizlik və ictimai məsuliyyət baxımından müəyyən risklər də yaradır. Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına süni intellektdən istifadə və şəxsiyyət hüquqlarının qorunması ilə bağlı yeni müddəaların əlavə edilməsi məhz bu zərurətdən irəli gəlir”.
Müşfiq Ələsgərli hesab edir ki, əsas məqsəd süni intellektin istifadəsini qadağan etmək deyil, onun tətbiqini peşəkar və etik çərçivəyə salmaqdır: “Süni intellekt jurnalistə məlumat toplamaqda, təhlil aparmaqda, tərcümə və mətn hazırlamaqda kömək edə bilər. Ancaq o, jurnalistin peşəkar mühakiməsini, redaksiya müstəqilliyini və insan nəzarətini əvəz etməməlidir. Yeni qaydalar ilk növbədə məsuliyyət mexanizmini gücləndirir. Süni intellektin köməyi ilə hazırlanan materialların faktoloji dəqiqliyi, mənbələri və məzmunu jurnalist və redaksiya əməkdaşları tərəfindən yoxlanılmalıdır. Çünki süni intellekt bəzən həqiqətə uyğun olmayan məlumatları inandırıcı formada təqdim edir. Belə hallarda məsuliyyəti texnologiyanın üzərinə qoymaq olmaz. Dərc olunan materiala görə jurnalist və redaksiya məsuliyyət daşıyır”.
Ekspert süni intellekt vasitəsilə yaradılan və ya dəyişdirilən vizual və audio materiallarla bağlı şəffaflığın qorunmasının vacibliyini də vurğulayıb: “Süni intellekt vasitəsilə yaradılan və ya əhəmiyyətli dərəcədə dəyişdirilən foto, audio və videolar auditoriyanı çaşdıra bilər. Buna görə də belə məzmunun mənşəyinin açıqlanması və zəruri hallarda müvafiq qaydada işarələnməsi ictimai etimadın qorunması baxımından vacibdir. Eyni zamanda, müəlliflik hüquqları, şəxsi məlumatlar, mənbələrin məxfiliyi və insan ləyaqətinin qorunması xüsusi əhəmiyyət daşıyır. Redaksiyaların süni intellektdən istifadə üzrə daxili qaydalar qəbul etməsi də bu risklərin idarə olunmasına xidmət edir”.
Müşfiq Ələsgərlinin sözlərinə görə, yeni etik tələblər texnoloji yeniliklərlə jurnalistikanın fundamental prinsipləri arasında tarazlıq yaratmağa yönəlib: “Əsas prinsip budur ki, süni intellekt jurnalistin imkanlarını genişləndirməli, lakin onun məsuliyyətini azaltmamalıdır”.
Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu açıqlamasında bildirib ki, şəxsi həyatın qorunması, fərdi məlumatların yayılması və süni intellektlə hazırlanan materialların doğruluğu müasir medianın diqqət yetirməli olduğu əsas məsələlərdəndir.

Ekspert Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına IX qurultayda əlavə edilən yeni tələblərin əhəmiyyətini vurğulayıb: “Şəxsiyyət hüquqlarını qorumaqla cəmiyyətin informasiya almaq hüququ arasında tarazlıq olmalıdır. Bunun üçün ilk növbədə ictimai maraqla insanların sadəcə maraqlandığı məsələləri bir-birindən ayırmaq lazımdır”.
Qalib İbrahimoğlu şəxsi həyatla bağlı məlumatların yayılmasında ictimai əhəmiyyət meyarının əsas götürülməli olduğunu bildirib: “Hər hansı şəxsin şəxsi həyatı oxucular üçün maraqlı ola bilər. Amma bu, həmin məlumatın mütləq yayımlanmalı olduğu demək deyil. Jurnalist ilk növbədə düşünməlidir ki, bu məlumat cəmiyyət üçün nə dərəcədə əhəmiyyətlidir və onun yayılması hansı nəticələrə səbəb ola bilər. Vəzifəli şəxslərin fəaliyyəti ictimai maraq kəsb edə bilər, lakin onların tutduqları vəzifə ilə əlaqəsi olmayan şəxsi həyat təfərrüatlarının yayılması hər zaman zəruri deyil. Məlumat dərc olunmazdan əvvəl onun ictimai əhəmiyyəti və həmin şəxsin hüquqlarına mümkün təsiri nəzərə alınmalıdır”.
Baş redaktor qeyd edib ki, şəxsi həyatın qorunması tələbi jurnalist araşdırmalarına maneəyə çevrilməməlidir: “Şəxsi həyatın qorunması cəmiyyət üçün vacib məlumatların gizlədilməsinə və jurnalist araşdırmalarının qarşısının alınmasına səbəb olmamalıdır. Əsas məsələ hər iki tərəfin hüquqlarını qorumaqdır. Bunun üçün jurnalist məlumatın doğruluğunu yoxlamalı, kiminsə şəxsi həyatına əsassız müdaxilə etməməli və zəruri hallarda qarşı tərəfin də mövqeyini öyrənməlidir”.
Qalib İbrahimoğlu süni intellekt texnologiyalarının istifadəsi zamanı da diqqətli olmağın vacibliyini vurğulayıb: “Süni intellekt jurnalistlərə işlərini daha sürətli görməyə kömək etsə də, ondan istifadə zamanı diqqətli olmaq vacibdir. Bu texnologiya vasitəsilə saxta şəkillər hazırlamaq, insanların səsini dəyişdirmək və hadisələri təhrif olunmuş formada təqdim etmək mümkündür. Belə materiallar yoxlanılmadan yayımlandıqda insanların nüfuzuna və şəxsi həyatına ciddi zərər vura bilər”.
Baş redaktorun sözlərinə görə, süni intellektdən istifadə jurnalistin peşə məsuliyyətini aradan qaldırmır: “Jurnalist süni intellektin hazırladığı hər hansı materialı yoxlamadan həqiqət kimi təqdim etməməlidir. Texnologiyadan istifadə etmək olar, amma son qərara və yayımlanan məlumatın doğruluğuna görə peşə məsuliyyəti yenə də jurnalistin üzərində qalır”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, dosent Könül Niftəliyeva bildirib ki, texnologiyadan istifadə peşəkar mühakiməni və redaksiya məsuliyyətini arxa plana keçirməməlidir.

O, süni intellekt vasitəsilə əldə olunan məlumatların dərc edilməzdən əvvəl yoxlanılmasının vacibliyini vurğulayıb: “Süni intellekt vasitəsilə əldə edilən məlumatlar, faktlar, rəqəmlər, sitatlar və vizual materiallar dərc olunmazdan əvvəl etibarlı mənbələr əsasında yoxlanılmalıdır. Çünki süni intellekt yanlış və ya uydurma məlumatlar yarada bilər. Jurnalist isə dərc etdiyi materialın dəqiqliyinə, etibarlılığına və şəffaflığına görə məsuliyyət daşıyır”.
Könül Niftəliyeva süni intellektlə yaradılan və ya dəyişdirilən vizual materialların təqdimatında da etik tələblərə əməl edilməli olduğunu bildirib: “Süni intellektlə yaradılmış və ya dəyişdirilmiş fotoşəkillər, videolar, audioyazılar və digər vizual materiallar real hadisələrin sənədləşdirilmiş görüntüləri kimi təqdim edilməməlidir. Eyni zamanda, şəxsi məlumatların məxfiliyinə, insanın şərəf və ləyaqətinə, müəllif hüquqlarına və şəxsin razılığı ilə bağlı tələblərə diqqət yetirilməlidir”.
O, süni intellektdən manipulyasiya və dezinformasiya məqsədilə istifadə edilməsinin də ciddi problem olduğunu qeyd edib: “Süni intellekt vasitəsilə yaradılmış məzmunun ayrı-seçkiliyə, manipulyasiyaya, dezinformasiyaya və ictimai rəyin məqsədli şəkildə yönləndirilməsinə xidmət etməsinin qarşısı alınmalıdır. Təəssüf ki, belə hallarla da qarşılaşa bilirik”.
Könül Niftəliyevanın sözlərinə görə, texnologiyanın inkişafı jurnalistikanın əsas missiyasını dəyişməməli, əksinə, onun həyata keçirilməsinə xidmət etməlidir: “Süni intellekt jurnalistikanın imkanlarını genişləndirsə də, peşəkar və etik məsuliyyətin daşıyıcısı jurnalistin özüdür. Əsas prinsip texnologiyanın jurnalistikanın həqiqətə xidmət etmək missiyasını gücləndirməsidir, onu əvəz etməsi deyil”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli açıqlamasında yeni tələblərin redaksiyalarda tətbiqi, jurnalistlərin maarifləndirilməsi və etik nəzarətin gücləndirilməsi məsələlərinə toxunub.

Jurnalistlərin yeni etik tələblər barədə məlumatlandırılmasının vacibliyini vurğulayan ekspert bildirib: “Bu müddəaların redaksiyalarda effektiv tətbiqi üçün ilk növbədə jurnalistlər və digər media əməkdaşları yeni tələblər barədə ətraflı məlumatlandırılmalı, etik prinsiplərin gündəlik iş prosesində necə tətbiq edilməli olduğu izah olunmalıdır. Jurnalistlər süni intellekt vasitələrinə bələd olmalı və onlardan istifadə etməyi bacarmalıdırlar. Redaksiyalar bu işdə fəal olmalı və jurnalistlərə dəstək göstərməlidirlər”.
Redaksiyalarda süni intellektdən istifadə qaydalarının müəyyənləşdirilməsinin və materiallara nəzarətin əhəmiyyətini qeyd edən Hacıbəy Heydərli deyib: “Redaksiyalarda süni intellektdən istifadə qaydaları müəyyənləşdirilməli, bu texnologiyanın köməyi ilə hazırlanan materialların dəqiqliyinin yoxlanılması və insan nəzarətinin təmin edilməsi əsas şərtlərdən biri olmalıdır. Süni intellekt jurnalistin peşəkar mühakiməsini əvəz etməməli, informasiyanın toplanması, təhlili və təqdimatı zamanı məsuliyyətli yanaşma qorunmalıdır. Eyni zamanda, şəxsi məlumatların məxfiliyinə, müəlliflik hüquqlarına və insanların şərəf və ləyaqətinə hörmətlə yanaşılmalıdır”.
Yeni müddəaların praktikada tətbiqi üçün təlimlərin, maarifləndirmə tədbirlərinin və redaksiya müzakirələrinin vacibliyini vurğulayan ekspert fikirlərini belə yekunlaşdırıb: “Redaktorlar materialların dərcindən əvvəl onların həm faktoloji dəqiqliyini, həm də etik normalara uyğunluğunu qiymətləndirməli, mümkün pozuntuların qarşısını almaq üçün aydın nəzarət mexanizmləri yaratmalıdırlar. Xüsusilə şəxsi həyatla bağlı məlumatların yayılması zamanı ictimai maraq və fərdin hüquqları arasında tarazlığın qorunmasına diqqət yetirilməlidir. Yeni etik tələblərin tətbiqi yalnız qaydaların qəbul edilməsi ilə məhdudlaşmamalı, media əməkdaşlarının peşəkar davranışına və redaksiya siyasətinə real şəkildə təsir göstərməlidir. Bunun üçün davamlı maarifləndirmə, məsuliyyətli texnologiya istifadəsi və etik nəzarət sistemi formalaşdırılmalıdır”.
Nigar Xəlilli
17:30 27.10.2026
Oxunuş sayı: 238