Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək
4 noyabr 2026-cı il tarixində saat 10:00-da Qərbi Kaspi Universitetində “Tədqiqatın beynəlmiləlləşməsi: Qlobal əməkdaşlıq, elmi görünürlük və təsir” (Internationalization of Research: Global Collaboration, Research Visibility, and Impact) mövzusunda beynəlxalq simpozium keçiriləcək.
Crossmedia.az xəbər verir ki, simpoziumun əsas məqsədi beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, universitetlərarası tərəfdaşlıqların inkişaf etdirilməsi, tədqiqat nəticələrinin beynəlxalq elmi müstəvidə görünürlüğünün artırılması və birgə elmi layihələrin həyata keçirilməsi üçün yeni imkanların müəyyənləşdirilməsidir. Müxtəlif ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən alim və mütəxəssislərin qatılacağı tədbir beynəlxalq akademik əlaqələrin möhkəmləndirilməsi və elmi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Simpoziumda elmi tədqiqat sahəsində beynəlxalq tərəfdaşlıqların inkişafı, beynəlxalq elmi nəşrlər, tədqiqat nəticələrinin qlobal miqyasda görünürlüğü və təsiri, elmi fəaliyyətdə rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi, eləcə də beynəlxalq qrant proqramları və maliyyələşdirmə imkanları müzakirə olunacaq.
Simpoziumda ABŞ-nin Stenford Universiteti və dünyanın aparıcı elmi nəşriyyatlarından olan “Elsevier” tərəfindən hazırlanan “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilən Qərbi Kaspi Universitetinin professorları Bassem Khan, Cem Işık, Muhammet Deceçi və Raşid İqbal da iştirak edəcəklər.
Onların simpoziumda iştirakı universitetin beynəlxalq elmi potensialının təqdim olunması, qabaqcıl tədqiqat təcrübəsinin paylaşılması və qlobal akademik əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
15:04 27.10.2026
Oxunuş sayı: 80