Millimizə 6 oyunda 48 qol vuruldu - Azərbaycan futbolunda həyəcan təbili
Azərbaycanın U-17 qadınlardan ibarət futbol millisinin son 6 qarşılaşmada qapısından 48 qol buraxması aşağı yaş qruplarında futbolçuların hazırlıq səviyyəsini və qadın futbolunun inkişaf perspektivlərini gündəmə gətirir. Hər oyuna orta hesabla 8 qolun düşməsi komandanın müdafiə təşkilatlanması, taktiki hazırlığı və beynəlxalq rəqabətə uyğunlaşma imkanlarının təhlilini zəruri edir. Bu nəticələr gənc futbolçuların yetişdirilməsi sistemi, məşq prosesinin effektivliyi və yaş qrupları üzrə milli komandaların rəqabət qabiliyyəti ilə bağlı suallar doğurur.
Veteran futbolçu Aslan Kərimov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qızların futbola erkən yaşlardan cəlb olunması və ilkin texniki bacarıqlarının formalaşdırılması istiqamətində işlərin genişləndirilməsinə ehtiyac var.

Aslan Kərimovun sözlərinə görə, Avropa ölkələrində qızların futbola daha erkən yaşlardan başlaması və futbol bölmələrinə müraciət edənlərin sayının çoxluğu oyunçuların hazırlıq səviyyəsinə təsir edir: “Avropada qızlar kiçik yaşlarından həyətlərdə futbol oynayır, müxtəlif bölmələrə yazılırlar. Bizdə isə qızların futbola cəlb olunması hələ həmin səviyyədə deyil. Bəziləri 12-14 yaşlarında, hətta 16-17 yaşlarında futbola başlayırlar. Halbuki rəqibləri arasında 6-7 yaşından bu idmanla məşğul olan, illərlə təcrübə toplamış oyunçular var. Belə fərq olduğu halda böyükhesablı məğlubiyyətlərin baş verməsi təəccüblü deyil. Buna görə də əsas məsələ qızların futbola cəlb olunmasını artırmaq, daha geniş oyunçu bazası yaratmaqdır”.
O bildirib ki, futbolçuların texniki bacarıqları erkən yaşlardan formalaşmalıdır: “Texniki bacarıqları formalaşmamış oyunçulardan taktiki tapşırıqları yüksək səviyyədə yerinə yetirmələrini gözləmək çətindir. Məsələn, məşqçi komandadan topu müdafiədən ötürmələrlə çıxarmağı və rəqibin müdafiəsini yarmağı tələb edə bilər. Amma oyunçu sadə ötürməni düzgün verə bilmirsə, bu planı həyata keçirmək mümkün olmur. Top itkiləri artır, ikili mübarizələrdə çətinlik yaranır və rəqib qol imkanları əldə edir. Texniki hazırlıq bir günə və ya bir aya formalaşmır. Bunun təməli uşaqlıqdan qoyulmalıdır”.
Veteran futbolçu qadın futbolunun inkişafı üçün yalnız məşq prosesinə deyil, ümumi yanaşmanın dəyişməsinə də ehtiyac olduğunu bildirib: “Bizim üçün əsas məsələ yalnız böyükhesablı məğlubiyyətlərdən danışmaq deyil. Qızların sağlamlığı, idmanla məşğul olması və futbola cəlb edilməsi daha vacibdir. Bu istiqamətdə qızların sayının artırılması, qadın məşqçilərin yetişdirilməsi və qadın futbolunun populyarlaşdırılması üçün işlər görülür. Daha çox qız futbola gəlsə, seçim imkanları da genişlənər və onların arasından daha hazırlıqlı oyunçular yetişdirmək mümkün olar. Bununla yanaşı, cəmiyyətdə qızların futbol və digər idman növləri ilə məşğul olmasına münasibət də dəyişməlidir. Bu, zaman və davamlı iş tələb edən prosesdir”.
Nigar Xəlilli
19:15 27.10.2026
Oxunuş sayı: 57