Ortaq türk əlifbasına keçid yaxınlaşır - Türk dünyasını birləşdirən yazı islahatı
Bir əlifbanın dəyişməsi sadəcə hərflərin yenilənməsi deyil, dilin gələcəyinə, milli kimliyə və rəqəmsal dünyada mövqeyinə təsir edən mühüm addımdır. Özbəkistanın latın qrafikalı əlifbasını təkmilləşdirməsi bu məsələyə yenidən diqqət çəkib. İslahatın əsas məqsədlərindən biri yazılı dildəki bəzi çatışmazlıqları aradan qaldırmaq və özbək dilinin müasir texnologiyalara uyğunlaşmasını asanlaşdırmaqdır. Bununla yanaşı, əlifba dəyişikliyinin təhsil sisteminə, gündəlik yazışmalara və cəmiyyətin yeni qaydalara uyğunlaşmasına necə təsir edəcəyi də maraq doğurur. Bu addım eyni zamanda digər türkdilli dövlətlərdə əlifbaların təkmilləşdirilməsi və ortaq dil-mədəniyyət əlaqələrinin gücləndirilməsi məsələsini də gündəmə gətirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən akademik Nizami Cəfərov bildirib ki, Özbəkistan uzun müddətdir latın qrafikasından istifadə edir: “Bununla belə, ölkənin mövcud əlifbası ilə qəbul edilmiş ortaq türk əlifbası arasında müəyyən fərqlər var. Özbəkistanın əlifbasını ortaq türk əlifbasına uyğunlaşdırması mühüm əhəmiyyət daşıyır.

Özbəkistan öz əlifbasını yavaş-yavaş bu ortaq latın əlifbasına uyğunlaşdırır. Bu, çox əhəmiyyətlidir. Məsələn, özbək əlifbasında ingilis dilində olduğu kimi, “sh” və “ch” hərf birləşmələri saxlanılmışdı”, – deyə akademik bildirib”.
Nizami Cəfərov qeyd edib ki, özbək əlifbasında saitlərin göstərilməsi ilə bağlı da müəyyən çətinliklər mövcuddur. Əlifba ilə bağlı müzakirələr zamanı özbək mütəxəssislərlə saitlərin yazıda əks olunması məsələsi dəfələrlə müzakirə edilib. Özbəkistanda mütəxəssislərin fikirlərini bildirməsi və bu istiqamətdə müzakirələr aparması üçün şəraitin yaradılması əhəmiyyətlidir. Əlifba islahatı ilə bağlı müzakirələr yalnız ölkə daxilində deyil, ümumtürkoloji səviyyədə də aparılmalıdır. Bu, özbək əlifbasının ortaq türk əlifbası ilə müqayisə edilməsinə və mövcud fərqlərin müəyyənləşdirilməsinə imkan verə bilər”.
Nizami Cəfərovun sözlərinə görə, türk dünyasında latın qrafikasına keçid prosesi istənilən sürətlə getməsə də, ümumilikdə davam edir. Bu prosesdə əsas məsələlərdən biri latın qrafikasının türk dillərinin səs sisteminə uyğunlaşdırılmasıdır.
Əsas məsələlərdən biri latın əlifbasına keçiddirsə, digəri bu əlifbanın türk dillərinin səs sisteminə uyğunlaşdırılmasıdır. Yəni bütün türk xalqları öz dillərində eyni səsləri eyni hərflərlə yazmalıdırlar. Bu cür fərqlər bu günə qədər qalır. Hətta Azərbaycan və Türkiyə türkcəsinin yazı sistemləri arasında da müəyyən fərqlər var. Bu fərqlərin aradan qaldırılması vacibdir”, – deyə akademik bildirib.
O əlavə edib ki, hər hansı türk dilində mövcud olmayan səs üçün ayrıca hərfin götürülməsi zəruri deyil: “Lakin həmin səs dildə varsa, onun ortaq türk əlifbasında uyğun işarə ilə ifadə olunması məqsədəuyğundur. Ortaq əlifba türk dillərinin fonetik xüsusiyyətlərini əks etdirməli və bu istiqamətdə aparılan müzakirələr nəticəsində daha da təkmilləşdirilməlidir”.
Türkoloq alim Elçin İbrahimov isə açıqlamasında ortaq əlifbaya keçidi türk dünyasında qarşılıqlı anlaşmanın və mədəni əlaqələrin inkişafı baxımından mühüm addım hesab etdiyini bildirib:

“Ortaq əlifbanın tətbiqi türk xalqlarının bir-birinin yazılı mənbələrini oxumasını asanlaşdıra bilər. Bu, xüsusilə kitabların, elmi əsərlərin, qəzetlərin və digər nəşrlərin qarşılıqlı mübadiləsi baxımından əhəmiyyətlidir. Ortaq əlifbaya keçid ortaq türk dilinə gedən yolda atılan ən düzgün addımlardan biridir. Bu əlifba “sh” və “ch” kimi hərf birləşmələrindən istifadəyə ehtiyacı azaldır. Həmçinin hərflərin üzərində əlavə işarələrin tətbiq olunmaması baxımından da uğurlu addımdır”, – deyə türkoloq qeyd edib.
Elçin İbrahimovun fikrincə, ortaq türk əlifbası Azərbaycan və Türkiyə türkcələrinin əlifbalarına yaxınlığı ilə də seçilir: “Bu uyğunluq gələcəkdə türk xalqlarının bir-birinin nəşrlərini daha rahat oxumasına şərait yarada bilər. Bu əlifba həm ortaq türk əlifbasına, həm də Azərbaycan və türk əlifbalarına çox yaxındır. Bundan sonra biz bu əlifba ilə Özbəkistanda çap olunan kitabları rahatlıqla oxuya biləcəyik. Bu, ortaq türk dilinə gedən yolda böyük addımdır. Türk dünyası Özbəkistanda nəşr olunan qəzetləri, yazıçıların əsərlərini və elmi kitabları daha rahat oxuya biləcək. Buna görə də bu dəyişikliyi bir-birimizi oxumaq yolunda mühüm addım kimi qiymətləndirirəm. Beləliklə, Özbəkistanın əlifba islahatı yalnız yazı qaydalarının yenilənməsi ilə məhdudlaşmır. Bu proses türk dillərinin yazı sistemlərinin uyğunlaşdırılması, ortaq mədəni əlaqələrin gücləndirilməsi və elmi-mədəni irsin qarşılıqlı əlçatanlığının artırılması baxımından da əhəmiyyət daşıyır. Bununla belə, ortaq əlifbanın geniş tətbiqi üçün dövlətlərin mövqelərinin uzlaşdırılması, dilçilik müzakirələrinin davam etdirilməsi və cəmiyyətlərin yeni yazı qaydalarına uyğunlaşması vacibdi.
Nuray Oqtayqızı
16:00 22.10.2026
Oxunuş sayı: 52