Yeni etiket sistemi gəlir - bazarlıq edərkən diqqət edin
Qida məhsullarının üzərində daha aydın və standartlaşdırılmış məlumatların təqdim edilməsi istehlakçıların daha sağlam seçim etməsini asanlaşdıra bilər. Xüsusilə şəkər, duz, yağ və digər qida göstəricilərinin daha rahat müqayisə olunması məhsul seçimi zamanı vacib rol oynayır. ÜST də qida etiketlərinin istehlakçı üçün dəqiq, standartlaşdırılmış və asan başa düşülən məlumat verməsinin əhəmiyyətini vurğulayır.
Qida eksperti Məhsəti Hüseynova məhsulların etiket məlumatlarında istehsalçı və tərkib barədə məlumatların tam göstərilməsinin vacibliyini Crossmedia.az-a açıqlamasında bildirib: “Məhsulun etiket məlumatlarında mütləq şəkildə istehsalçı şirkət haqqında ətraflı məlumatın olması, məhsulun tərkibindəkilərin düzgün şəkildə etiketdə göstərilməsi, allergen məhsullar varsa, onun daha qabarıq və yaxud da gözlə tez görülə biləcək şəkildə yazılması vacibdir. Xüsusilə burada süd, süd məhsulları, çərəzlərdən istifadə olunubsa, kimyəvi maddələr, konservantlar, dəniz məhsulları və digər allergen maddələr varsa, bunlar mütləq şəkildə göstərilməlidir”.
Mütəxəssisin sözlərinə görə, bu tələblərə əməl olunmaması insan sağlamlığı üçün ciddi risklər yarada bilər: “Allergen maddələrin düzgün göstərilməməsi ciddi allergik reaksiyalara, hətta ölümə gətirib çıxara bilər. Xroniki xəstəlikləri olan insanlarda xəstəliyin kəskinləşməsinə, kimyəvi və sintetik mənşəli qatqı maddələri isə zəhərlənmə riskinin artmasına səbəb ola bilər. Ona görə bu kimi halların qarşısını almaq üçün cərimə tədbirləri ilə yanaşı, fəaliyyət dayandırıldıqdan sonra həmin məhsulların birmənalı şəkildə geri çağırılması, ictimaiyyətə açıqlanması və məhsulu almış şəxslərin xəbərdar edilməsi lazımdır”.

Məhsəti Hüseynova qeyd edib ki, qida istehsalı və ictimai iaşə müəssisələrində nəzarət mexanizmləri gücləndirilməli, laborator analizlər artırılmalı və HACCP sistemi mütəmadi tətbiq olunmalıdır: “Mütləq qida məhsulları istehsal edən müəssisələrdə, ictimai iaşə obyektlərində mütəmadi və şəffaf yoxlamalar aparılmalıdır. Hər bir müəssisənin özünün keyfiyyətə nəzarət bölməsi olmalıdır. Laborator analizlərin sayı çoxaldılmalıdır və hər bir partiyadakı məhsul sanitar-gigiyena qaydalarına uyğun şəkildə hazırlanmaqla yanaşı, laborator analizdən keçirilməlidir. Müəssisədə təhlükə təhlilinə əsaslanan idarəetmə sistemi, yəni beynəlxalq HACCP sistemi mütəmadi tətbiq olunmalıdır. Eyni zamanda işçilərin davamlı təlim alması, gigiyena və sanitariya qaydalarına ciddi şəkildə riayət etməsi vacibdir”.
Mütəxəssis vurğulayıb ki, xüsusilə süd məhsullarının istehsalından istehlaka qədər bütün mərhələlərdə qida təhlükəsizliyi qaydalarına əməl olunmalıdır: “Çünki bu, sadəcə bir qanun pozuntusu, istehlakçı hüquqlarının pozulması deyil, eləcə də insanların sağlamlığına vurulan zərərdir. Xüsusilə də süd məhsulları yüksək riskli, tez xarab olan məhsullar sırasındadır. Bu məhsulların istehsalı zamanı, istehlakçıya çatana qədər, eyni zamanda xammalın keyfiyyəti, düzgün hazırlanma qaydası, satış yerlərinə və aldıqdan sonra evdə də soyuq zəncir prinsipinə diqqət olunmalıdır ki, bu kimi hallar yaşanmasın”.
Nigar Xəlilli
17:30 11.09.2026
Oxunuş sayı: 51