İki dövlətin qüruru
Döyüş meydanlarında qazandığı tarixi zəfərləri gənc nəslin inkişafına həsr edən Eldar Əlizadə, bu gün Azərbaycan və Türkiyə idman aləminin ən parlaq, nüfuzlu simalarından biridir.
Crossmedia.az xəbər verir ki,idman karyerasına addım atdığı ilk illərdən sarsılmaz iradəsi, yüksək texnikası və məğlubedilməz döyüş ruhu ilə fərqlənən idmançı, rinqlərdə göstərdiyi qətiyyətli çıxışlarına görə "Leon" (Şir) ləqəbini qazanıb.
Onun fərdi idmançı karyerasının ən uca zirvəsi 2015-ci ilə təsadüf edir. Həmin il Azərbaycan Milli Komandasının heyətində çıxış edən Eldar Əlizadə, rəqiblərinə heç bir şans tanımayaraq eyni ildə həm Dünya, həm də Avropa çempionu titullarını fəth etdi. Beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurlar təkcə doğma vətəni Azərbaycanda deyil, fəaliyyət göstərdiyi Türkiyənin Kastamonu şəhərində də böyük coşqu ilə qarşılandı və o, şəhərdə təntənəli mərasimlə onurlandırıldı.
Şöhrətinin ən parlaq çağında olmasına baxmayaraq, Eldar Əlizadə böyük fədakarlıq göstərərək aktiv idmançı karyerasını sonlandırmaq qərarına gəldi. Bu addımın qayəsində yeni istedadların yolunu açmaq və gəncləri dünya zirvələrinə daşımaq amalı dayanırdı. Öz ləqəbindən ilhamlanaraq Kastamonuda təsis etdiyi "Leon Spor Kulübü" qısa zamanda çempionlar ocağına çevrildi.
Onun məşqçilik fəlsəfəsinin ən böyük sübutu yetirməsi, milli idmançı Hamza Eren Göksunun tarixi uğurları oldu. Əlizadənin rəhbərliyi altında yetişən Göksu, Kosovoda keçirilən U24 Dünya Çempionatında 54 kq çəki dərəcəsində Malayziyalı rəqibini məğlub edərək karyerasında 3-cü dəfə Dünya Çempionu titulunu qazandı.
Tələbəsini ardıcıl üç dəfə dünya zirvəsinə daşıyan Eldar Əlizadə bu tarixi zəfərin böyük fədakarlıqlar hesabına başa gəldiyini vurğulayaraq hisslərini bu sözlərlə ifadə etmişdir:
"Bir məşqçi kimi bu gün həqiqətən böyük bir xoşbəxtlik və qürur yaşayıram. Bir idmançını üç dəfə Dünya Çempionluğuna qədər aparmaq və bu uğurlara birlikdə şahid olmaq mənim üçün tərifsiz bir hissdir. Hamza Eren Göksunun əldə etdiyi bu üçüncü çempionluq illərdir çəkilən zəhmətin, mübarizənin və fədakarlığın bəhrəsidir. Nə qədər çətin şərtlər altında olsaq da, bu məmləkətə Dünya və Avropa çempionluqları qazandırmaq üçün illərdir mübarizə aparırıq. Hədəfimiz hər zaman ölkələrimizi ən yaxşı şəkildə təmsil etmək, bayraqlarımızı dünya arenasında zirvəyə daşımaq və Milli Marşlarımızı səsləndirmək olub. İnşallah, bundan sonra da ölkələrimizə daha neçə-neçə zəfərlər qazandıracağıq."
İdmançı və məşqçi kimi qazandığı uğurlarla yanaşı, Eldar Əlizadə həm də mühüm inzibati və ictimai vəzifələrin daşıyıcısıdır. O, Türkiyə Kikboksinq Federasiyasının strukturunda çalışır, Türkiyə Kikboksinq Peşəkar Liqasının sədr müavini, Kastamonu Kikboksinq İl Təmsilçisi və Kastamonu Milli Gənclik Dərnəyinin sədridir. Eyni zamanda Milli komanda məşqçisi olan Əlizadə, "Bir millət, iki dövlət" amalı ilə Azərbaycan və Türkiyə arasında möhkəm idman körpüləri quraraq yeni nəsillərə ilham verməyə davam edir.
Hər iki dövlətin — həm doğma Azərbaycanımızın, həm də qardaş Türkiyənin adını dünya arenalarında qürurla ucaldan dəyərli həmyerlimiz Eldar Əlizadəyə bu şərəfli yolda tükənməz uğurlar arzulayırıq. Yetirmələrinin qazandığı hər bir möhtəşəm zəfər onun hər iki xalqa bəxş etdiyi fərəhin və sarsılmaz əməyinin ən parlaq göstəricisidir. İnanırıq ki, onun rəhbərliyi altında yeni-yeni çempionlar yetişəcək və hər iki qardaş dövlətin bayraqları beynəlxalq kürsülərdə hər zaman yanaşı dalğalanacaq.
18:44 11.09.2026
Oxunuş sayı: 51