Rusiya Qara dənizdə bütün gəmiləri vuracaq - Azərbaycan gəmiləri necə olacaq?
Qara dənizdə Rusiya və Ukrayna arasında gəmilərə və liman infrastrukturuna yönələn hücumların intensivləşməsi gəmiçilik və regional təhlükəsizliklə bağlı riskləri artırır. Son həftələrdə dəniz daşımalarına qarşı hücumların artması fonunda Rusiya Ukraynaya hərbi yük daşıdığı bildirilən gəmilərə zərbələri davam etdirəcəyini açıqlayıb. Bu açıqlama ciddi narahatlıq doğurur çünki Qara Dənizdə yüzlərlə ticarət gəmisi üzür və o gəmilərin içində Azərbaycan gəmiləri də var.
Politoloq Tofiq Abbasov Qara dənizdə Rusiya-Ukrayna müharibəsi fonunda dəniz daşımaları üçün yaranan risklərin artdığını Crossmedia.az-a açıqlamasında bildirib: “Müharibə, əgər dənizə çıxışı olan ölkələr arasında gedirsə, quru əməliyyatları ilə yanaşı, dənizdə də əməliyyatlar başlayır. Bu, aydın məsələdir, çünki dəniz yollarından da müharibə tələbatını ödəmək üçün istifadə olunur. Dəniz daşımaları ucuz başa gəlir, digər tərəfdən bəzi hallarda daha optimal görünür. Əgər müharibə zolağı uzanırsa, cəbhə xətti böyüyürsə, əlbəttə ki, dəniz marşrutlarından da istifadə olunur”.

Politoloqun sözlərinə görə, Qara dənizdə təhlükəsizlik vəziyyətinin mürəkkəbləşməsi Azərbaycanın da maraqlarına təsir edir: “Qara dəniz hövzəsi çox fəal bir neçə ölkə tərəfindən istifadə olunan hövzədir. Digər tərəfdən, Qara dənizin su marşrutları geniş daşımalar üçün istifadə olunur. İndi Rusiyanın məqsədi Ukraynaya yük daşıyan gəmilərin vurulmasıdır, ukraynalıların istəyi isə Rusiyanın donanmasını maksimal dərəcədə zəiflətməkdir. Amma biz görürük ki, Azərbaycanın da burada maraqları artıq pozulur. Bizim vətəndaşlarımız da həlak olublar. Bu, çox üzücü hadisədir. Digər tərəfdən, Azərbaycanın Xəzər gəmiçiliyinin də Qara dəniz hövzəsində maraqları var və biz burada təhlükəsizlik məsələlərinin kövrək olması ilə üz-üzəyik”.
Tofiq Abbasov vurğulayıb ki, müharibənin qaynar mərhələsində üçüncü ölkələrin gəmilərinin təhlükəsizliyinə tam zəmanət vermək çətinləşir və bu səbəbdən alternativ marşrutlardan istifadə, naviqasiyanın minimuma endirilməsi və tərəflərlə əvvəlcədən təmasların qurulması vacibdir: “Risklər həqiqətən də artır, təhdidlər çoxdur. Ona görə burada yalnız və yalnız ehtiyatı artırmaq lazımdır. Xüsusi kanallarla həm gəmiçilik idarələri ilə əlaqələr saxlanılmalıdır, digər tərəfdən hərbçilərin özü ilə təmaslar yaradılmalıdır ki, əvvəlcədən bəlli olsun: filan vaxtda, filan marşrut üzrə filan ölkənin gəmisi keçəcək və onun hərbi hadisələrə, toqquşmalara aidiyyatı yoxdur, sırf sülh müstəvisində öz daşımalarını həyata keçirir. Qarşı tərəflərə çatdırılmalıdır ki, bizim daşımalarımızın hərbi əməliyyatlara heç bir dəxli yoxdur və bunlar silah-sursat daşımırlar. Çıxış yolunu mən yalnız bunda görürəm”.
Nigar Xəlilli
18:00 11.09.2026
Oxunuş sayı: 40