İsrail britaniyalı hərbçiləri ölkədən çıxarır
İsrail Qərb Sahilində məskunlaşanların zorakılığını izləyən britaniyalı hərbçilərdən ölkəni tərk etmələrini tələb edib.
Crossmedia.az xəbər verir ki, "The Telegraph" bu barədə məlumat yayıb.
Ramallahda yerləşən və təxminən 10 hərbçidən ibarət Britaniya Dəstək Qrupunun (BST) yaxın həftələrdə tərkibinin dörd dəfə artırılması planlaşdırılırdı. Lakin İsrail tərəfi qrupun ölkədən çıxması üçün ona yeddi gün vaxt verib.
Qrupun əsas vəzifəsi Fələstin Administrasiyasının təhlükəsizlik qüvvələrinə məsləhət vermək və onların hazırlanmasına kömək etməkdir. Bu qüvvələr Qərb Sahilinin Fələstin Administrasiyasının nəzarətində olan ərazilərində asayişin və təhlükəsizliyin təmin edilməsinə cavabdehdir.
"The Telegraph" yazır ki, son illərdə britaniyalı hərbçilər Qərb Sahilində məskunlaşanların zorakılığı ilə bağlı məlumatların toplanmasında da rol oynayıblar. Onların hazırladığı hesabatların London və Vaşinqtona, ABŞ-nin Təhlükəsizlik Koordinatorunun ofisi vasitəsilə göndərildiyi bildirilir.
İsrailin qərarı Qəzzada atəşkəs rejiminin qorunmasına kömək edən azsaylı britaniyalı hərbçi və diplomatlardan ibarət kontingentə də şamil olunub. Bu qrup Kiriyat-Qatdakı beynəlxalq qərargahda fəaliyyət göstərir.
Nəşrin mənbələri iddia edib ki, İsrail britaniyalı hərbçiləri izləyib və onların ölkədən çıxarılması üçün əsas axtarıb. Rəsmi şəxslərin sözlərinə görə, qrupun kommunikasiyalarının İsrail əməliyyatçıları tərəfindən ələ keçirilməsi mütəmadi xarakter daşıyıb.
20:05 11.09.2026
Oxunuş sayı: 45