Gülbadə Abdullayeva işi ilə bağlı yeni detallar açıqlandı
"UĞUR-777" estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayevanın qanunsuz tibbi fəaliyyət göstərməsi ilə bağlı yayılan məlumatlar üzrə cinayət işi məhkəməyə göndərilib, Gülbadə Abdullayeva barəsində isə cinayət təqibinə amnistiya əsasında xitam verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilir ki, son günlər mediada və sosial şəbəkələrdə Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi və "UĞUR-777" estetik mərkəzində qanunsuz tibbi xidmət göstərilməsi ilə bağlı yayılan məlumatlar əsasında Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb və cinayət işi başlanıb.
İstintaq zamanı toplanmış sübutlar əsasında Xəyalə İsmayılova, Müşfiq Bağırov və Rəna Quliyeva müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər.
Cinayət işi üzrə ittiham aktı 22 aprel 2026-cı il tarixdə təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hazırda məhkəmə baxışı davam edir.
Baş Prokurorluq bildirib ki, Gülbadə Abdullayeva barəsində Cinayət Məcəlləsinin 310-cu maddəsi üzrə cinayət təqibinə Milli Məclisin "Konstitusiya və Suverenlik İli" münasibətilə qəbul etdiyi amnistiya qərarı əsasında xitam verilib. Həmçinin aparılmış istintaq zamanı onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi müəyyən edilməyib.
Bununla yanaşı, Gülbadə Abdullayevanın zərərçəkmiş şəxsə vurduğu 2 min manat maddi ziyanın, eləcə də dövlət büdcəsinə ödənilməli olan 500 manatın tam ödənilməsi təmin olunub.
Açıqlamaya görə, Gülbadə Abdullayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə inzibati icraat başlanıb, materiallar aidiyyəti dövlət orqanlarına göndərilib və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.
Baş Prokurorluq vurğulayıb ki, vətəndaşların həyat və sağlamlığına təhlükə yaradan qanunsuz tibbi fəaliyyətlə bağlı bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə hərtərəfli, tam və obyektiv araşdırılır, hər bir fakt üzrə hüquqi qiymət toplanmış sübutlar əsasında verilir.
15:45 20.07.2026
Oxunuş sayı: 85