Rusiya Azərbaycanın müstəqil siyasət yürütməsini qəbul etmir - Rəy
Son həftələr Rusiyanın rəsmi dairələrindən Azərbaycana münasibətdə fərqli məzmunlu mesajlar səslənir. Bir tərəfdən xarici işlər naziri Sergey Lavrov, XİN sözçüsü Mariya Zaxarova və Kremlin sözçüsü Dmitri Peskov iki ölkə arasında dostluq münasibətlərinin qorunmasının və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayırlar. Digər tərəfdən isə Kremlə yaxın televiziya kanallarında, təbliğat platformalarında və Telegram resurslarında Azərbaycana və azərbaycanlılara qarşı sərt, bəzən isə açıq anti-Azərbaycan ritorikası müşahidə olunur. Bu ziddiyyət Rusiyanın Azərbaycana münasibətdə hansı siyasi xətti izlədiyi sualını gündəmə gətirir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, son günlər maraqlı bir mənzərə yaranıb:
“Əslində burada ziddiyyət o qədər də yoxdur. Sadəcə, Rusiya eyni vaxtda iki fərqli dillə danışır.
Rəsmi şəxslərin işi diplomatiyadır. Onlar münasibətləri qorumağa çalışırlar. Çünki Moskva yaxşı başa düşür ki, Azərbaycan Cənubi Qafqazda vacib dövlətdir. Nə iqtisadi, nə nəqliyyat, nə də təhlükəsizlik baxımından Azərbaycanı görməzlikdən gəlmək mümkündür.
Amma Kremlin təbliğat maşınının işi başqadır. O, təzyiq göstərir, mesaj verir və cəmiyyətin fikrinə təsir etməyə çalışır. Bəzən də bunun üçün Azərbaycan hədəfə çevrilir.
Başqa sözlə, Kreml bir əli ilə "gəlin münasibətləri düzəldək" deyir, o biri əli ilə isə informasiya təzyiqini davam etdirir”.
Deputat qeyd edib ki, bunun əsas səbəbi Azərbaycanın son illərdə daha müstəqil siyasət aparmasıdır: “Türkiyə ilə strateji əməkdaşlığın güclənməsi, müxtəlif ölkələrlə əlaqələrin genişlənməsi və Rusiyanın bölgədə əvvəlki təsir imkanlarının zəifləməsi Moskvada narahatlıq yaradır.
Ancaq bu narahatlıq o demək deyil ki, Rusiya Azərbaycanla münasibətləri pozmaq istəyir. Əksinə, Kreml əlaqələri saxlamaq istəyir. Sadəcə, həmin münasibətlərin öz istədiyi çərçivədə olmasını arzulayır.
Ona görə də rəsmi bəyanatlarda dostluqdan danışılır, təbliğat məkanında isə zaman-zaman Azərbaycana qarşı sərt ritorika ortaya çıxır.
Bu gün Rusiyanın Azərbaycana münasibətini bir cümlə ilə ifadə etmək lazım gəlsə, belə demək olar:
"Münasibətləri saxlamaq istəyir, amma Azərbaycanın tam müstəqil siyasət yürütməsini də rahat qəbul etmir””.
Ayhan
12:00 20.07.2026
Oxunuş sayı: 90