Azərbaycan qırıcıları havaya qalxdı: “Düşmənin hava hücumundan müdafiə sistemləri…”
Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərində iyulun yeddisində baş verən torpaq sürüşməsi nəticəsində azı səkkiz nəfər həlak olub, təxminən 34 nəfər isə itkin düşüb.
Azərbaycan Hərbi Hava Qüvvələri təlimləri uğurla tamamlayıb
Müdafiə nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.Təlim-məşq uçuşunun planına əsasən, “JF-17C" (Block-III), "Su-25ML" və "L-39" tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib.
Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşlarında əsas diqqət müxtəlif taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin effektiv döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib.

Məsələnin mahiyyəti ilə əlaqədar hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib: "Hərbi Hava Qüvvələrimizdə keçirilən təlimlərin əsas məqsədi uçuş və texniki heyətin peşəkarlığını, praktiki vərdişlərini, döyüş hazırlığını inkişaf etdirməkdən, eyni zamanda yeni əldə edilən aviasiya vasitələrinin döyüş imkanlarını uzlaşdırmaqdan ibarətdir. Təlimlər zamanı müxtəlif hava şəraitində və günün müxtəlif vaxtlarında şərti düşmənə qarşı döyüş-təlim tapşırıqlarının təhlükəsiz şəkildə icra edilməsinə xüsusi diqqət yetirilir".
Ekspertin sözlərinə görə, yeni əldə olunan vasitələrlə düşmənin hava hücumundan müdafiə sistemlərinin atəş zonasına daxil olmadan, təhlükəsiz məsafədən həm hava, həm də yerüstü hədəflərin aşarlanaraq zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilir: "Bu təlimlərdə, real döyüş vəziyyətinə yaxın bir şəraitdə — yəni həm hava hücumundan müdafiə sistemlərinin, həm də düşmənin radioelektron mübarizə vasitələrinin təzyiqlərindən yayınmaqla pilotlarımızın düzgün qərar qəbul etmə bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, bu genişmiqyaslı tədbirlərdə müxtəlif qoşun növlərinin aviasiya ilə qarşılıqlı əlaqələrinin və birgə əməliyyat imkanlarının təkmilləşdirilməsi də əsas məqsədlərdən biridir".
Turqut Ansari
17:38 18.07.2026
Oxunuş sayı: 68