Təklif: Siqaret istifadəsinə qadağa qoyulsun
Elektron siqaretlərin Azərbaycanda tam qadağan edilməsi ilə bağlı qanunvericilikdə növbəti addım atılıb. Milli Məclisin qəbul etdiyi son dəyişikliklərə əsasən, elektron siqaretlər və onların komponentləri mülki dövriyyədən çıxarılmış əşyalar siyahısına daxil edilir. Bu qərar təkcə hüquqi deyil, həm də cəmiyyətin sağlamlığı, xüsusilə gənclərin davranışları və vərdişləri baxımından geniş müzakirələrə səbəb olur.

Sosioloq Əhməd Rəhmanov Crossmedia.az-a açıqlamasında bildirib ki, elektron siqaretlərlə bağlı qəbul edilən qərarların əsas motivinin cəmiyyətin sağlamlığının qorunması olduğuna tam əmin deyil:
"Hesab etmirəm ki, burada əsas prioritet məhz cəmiyyətin sağlamlığıdır. Son illərdə qəbul olunan bir sıra qanunlara nəzər saldıqda onların hamısının birbaşa cəmiyyətin maraqlarına xidmət etdiyini söyləmək çətindir".
Ekspert qeyd edib ki, siqaret istifadəsinin özü uzun illərdir marketinq siyasətinin nəticəsidir və insan sağlamlığına heç bir fayda vermir:
"Siqaret çəkən insanlar əvvəldən də marketoloqların təsiri altında olublar. Bu gün də vəziyyət dəyişməyib. Fikrimcə, ümumiyyətlə siqaretə qadağa qoyulması daha doğru olardı. Lakin bu sahədə böyük iqtisadi maraqlar və biznes amili də nəzərə alınmalıdır. Siqaret istehsalı və satışından gəlir əldə edənlərdən başqa, bu məhsulun istifadəçilərə hər hansı faydası olmayıb və olmayacaq".
Ə.Rəhmanovun sözlərinə görə, siqaretdən uzaqlaşmaq istəyən şəxslər üçün alternativ davranış vərdişlərinin formalaşdırılması daha səmərəli yanaşmadır:
"Psixologiyada zərərli vərdişdən imtina prosesində onu daha yüngül və zərərsiz vərdişlə əvəz etmək üsulu geniş tətbiq olunur. Məsələn, siqaret əvəzinə saqqız çeynəmək, tum və ya çərəz istifadə etmək bu dövrü daha rahat keçirməyə kömək edə bilər. Ən çətin mərhələ ilk iki-üç həftədir. Bu müddətdən sonra orqanizm tədricən nikotindən təmizlənməyə başlayır və siqaretə bağlılıq zəifləyir".
Nigar Xəlilli
11:30 17.07.2026
Oxunuş sayı: 66