Prezidentin Şuşadan verdiyi mesajlar: "Azərbaycan haradan hara gəlib, bunu xalqımız yaxşı bilir" fikrinin “kodları”
IV Şuşa Qlobal Media Forumu artıq başa çatıb.
Forumun ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və forum iştirakçılarının suallarını cavablandırıb.
Forum çərçivəsində 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan çox media qurumu, həmçinin, media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın təmsilçiləri iştirak edib.
Dörd gündə Şuşa Qlobal Media Forumu 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Forum çərçivəsində media, süni intellekt, dezinformasiya ilə mübarizə, media diplomatiyası, şəhərsalma narrativləri, etimadın bərpası və digər aktual mövzulara həsr olunmuş panel müzakirələri keçirilib. Forum panel sessiyaları və yekun müzakirələrlə başa çatıb.

Milli Məclisin deputatı Müşfiq Məmmədli Crossmedia.az-a açıqlamasında tədbirin əhəmiyyətini şərh edib: "Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi səsləndirdiyi fikirlər, ilk növbədə, dövlət rəhbərinin şəxsi fəaliyyətini deyil, Azərbaycanın son 23 ildə keçdiyi inkişaf yolunu ön plana çıxarmaq istəyini ifadə edir. "Mənim tərəfimdən bəşəriyyətə müraciət etmək bir qədər təkəbbürlü olar" ifadəsi təvazökarlıq mesajı olmaqla yanaşı, diqqəti şəxsiyyətə deyil, əldə olunan nəticələrə yönəldir.
Bu gün Azərbaycanın keçdiyi yol hər kəsə məlumdur. Ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan güclənib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, regionun aparıcı dövlətinə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi və artan diplomatik nüfuz Azərbaycanın inkişaf göstəriciləridir.
Prezidentin "Azərbaycan haradan hara gəlib, bunu xalqımız yaxşı bilir" fikri də məhz bu reallığa söykənir. Burada ən mühüm meyar xalqın gündəlik həyatında gördüyü dəyişikliklər, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi və dövlətin milli maraqlarını qətiyyətlə müdafiə etməsidir.
Şuşadan verilən bu mesajın ayrıca simvolik əhəmiyyəti də var. Vaxtilə işğal altında olan Şuşa bu gün beynəlxalq media forumlarına ev sahibliyi edir və dünyanın müxtəlif ölkələrindən jurnalistləri, ekspertləri bir araya gətirir. Bu fakt özü Azərbaycanın son illərdə qazandığı uğurların ən bariz nümunələrindən biridir”.
O, bildirib ki, Prezidentin bu çıxışı həm dövlət idarəçiliyində nəticəyönümlü yanaşmanın, həm də Azərbaycanın əldə etdiyi nailiyyətlərin qiymətləndirilməsini xalqın obyektiv mühakiməsinə həvalə edən siyasi mövqenin ifadəsidir: “Bu, eyni zamanda onu göstərir ki, ölkənin inkişafı haqqında ən tutarlı qiyməti məhz Azərbaycanın vətəndaşları və əldə olunan real nəticələr verir. Bu, həm də Müzəffər Ali Baş Komandanın öz xalqı ilə yekdil fikirdə olmağının, xalqın öz liderinin ətafında dəmir yumruq kimi birləşməsinin bir nümunəsidir".
Turqut Ansari
10:30 15.07.2026
Oxunuş sayı: 61