Şuşa Qlobal Media Forumu Azərbaycanın strateji prioritetlərini dünyaya çatdırdı
IV Şuşa Qlobal Media Forumu bu il də qlobal informasiya məkanında aktual məsələlərin müzakirə olunduğu nüfuzlu platformalardan biri kimi diqqət mərkəzində olub. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və rəsmiləri bir araya gətirən forum çərçivəsində səsləndirilən mesajlar Azərbaycanın xarici siyasət kursu, regional proseslər və beynəlxalq əməkdaşlıq istiqamətində prioritetlərinin müzakirəsinə yeni imkanlar açıb. Bəs forumda verilən mesajlar Azərbaycanın beynəlxalq mövqeyi və gələcək hədəfləri baxımından hansı əhəmiyyət daşıyır?
Forumun
əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a
açıqlama verib:
“Prezident İlham Əliyevin IV Şuşa Qlobal
Media Forumundakı çıxışı Azərbaycanın xarici siyasətinin cari prioritetlərini və
ölkəmizin beynəlxalq sistemdə özünü necə mövqeləndirdiyini əks etdirən strateji
bir çıxış idi. Çıxışın ümumi məzmunu göstərir ki, Azərbaycan artıq yalnız
regional proseslərdə iştirak edən dövlət deyil, eyni zamanda beynəlxalq gündəliyin
formalaşmasına töhfə verən, müxtəlif platformalarda dialoqu təşviq edən və
qlobal çağırışlara münasibət bildirən fəal aktor kimi çıxış edir. Prezidentin
diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın "orta güc dövləti"
kimi artan roluna dair yanaşması idi. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi
imkanlarla məhdudlaşdırmadı. Əksinə, vurğuladı ki, müasir beynəlxalq münasibətlərdə
orta güc dövləti milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə
təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət
daşımağı bacaran ölkədir. Çıxışda
Qarabağ mövzusu da yeni prizmadan təqdim olundu. Əgər əvvəlki illərdə beynəlxalq
auditoriya qarşısında əsas diqqət işğalın nəticələrinə yönəlirdisə, bu dəfə
Prezident daha çox bərpa və quruculuq prosesinə diqqət çəkdi. O qeyd etdi ki,
forum iştirakçıları əvvəlki səfərlərində xarabalıqları görürdülərsə, bu gün
artıq yeni şəhərlərin salınmasının, yaşayış məntəqələrinin tikilməsinin və
insanların doğma yurdlarına ləyaqətli qayıdışının şahidi olurlar. Bununla Azərbaycan
postmünaqişə dövrünün əsas gündəliyinin təhlükəsizlik deyil, inkişaf,
reinteqrasiya və dayanıqlı quruculuq olduğunu nümayiş etdirməyə çalışır. Prezidentin
çıxışında nəqliyyat və bağlantı məsələləri də xüsusi yer tutdu. O vurğuladı ki,
son onillikdə yaradılmış infrastruktur və həyata keçirilən layihələr Azərbaycanın
Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib. Qlobal
geosiyasi gərginliklər və ənənəvi ticarət marşrutlarında yaranan risklər
fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycanın
yalnız coğrafi mövqeyindən deyil, uzunmüddətli strateji planlaşdırmadan
faydalanaraq regional tranzit və ticarət əlaqələrinin əsas iştirakçılarından
birinə çevrildiyi mesajı verildi”.

Deputat əlavə edib ki, enerji təhlükəsizliyi də çıxışın əsas istiqamətlərindən biri oldu. Prezident Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin daha da gücləndiyini, qaz ixracının coğrafiyasının genişləndiyini və bərpa olunan enerji layihələrinin sürətlə inkişaf etdiyini qeyd etdi: “Bununla yanaşı, o, enerji əməkdaşlığının uzunmüddətli müqavilələr və qarşılıqlı etimad üzərində qurulmasının vacibliyini vurğulayaraq enerji təhlükəsizliyinin artıq təkcə iqtisadi deyil, həm də geosiyasi məsələ olduğunu diqqətə çatdırdı. Çıxışın digər mühüm istiqaməti Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu ilə bağlı idi. Prezident Türkiyə ilə müttəfiqlik münasibətlərindən, Avropa İttifaqı ilə əməkdaşlığın yeni mərhələyə keçməsindən, ABŞ-la strateji tərəfdaşlığın genişlənməsindən, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin dərinləşməsindən və İslam dünyasında həmrəyliyin vacibliyindən bəhs etdi. Bu yanaşma göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfli əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan siyasəti prioritet hesab edir. Prezident həmçinin rəqəmsal transformasiya və süni intellekti ölkənin gələcək inkişaf strategiyasının mühüm istiqaməti kimi təqdim etdi. Süni intellekt sahəsində milli strategiyanın qəbul edilməsi və bu istiqamətdə institusional mexanizmlərin yaradılması Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və innovasiya əsaslı inkişaf modelinə keçid niyyətini göstərən mühüm mesajlardan biri idi. Bu da təbii ki, Azərbaycanın gələcəyini yalnız enerji resursları üzərində deyil, bilik, texnologiya və innovasiya üzərində qurmaq istəyini diqqətə çatdırdı. Çıxış boyunca diqqət çəkən digər əsas xətt isə sülh gündəliyi oldu. Prezident həm Cənubi Qafqaz, həm də Yaxın Şərqdəki proseslərə toxunaraq vurğuladı ki, davamlı inkişafın əsas şərti beynəlxalq hüquqa əsaslanan ədalətli və dayanıqlı sülhdür. Bu yanaşma forumun əsas mövzusu – "Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" – ilə də tam uzlaşır. Bu gün Azərbaycan təkcə regional təhlükəsizlik məsələlərinin iştirakçısı deyil, həm də dialoqu və qarşılıqlı etimadı təşviq edən ölkə kimi qiymətləndirilir”.
P.Vəliyeva
son olaraq qeyd edib ki, ümumilikdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın
xarici siyasətində yeni mərhələnin konturlarını nümayiş etdirdi: “Əsas mesaj
ondan ibarət idi ki, ölkəmiz postmünaqişə dövrünü yeni inkişaf mərhələsinə
çevirib, regional sabitlik, enerji və nəqliyyat təhlükəsizliyi, rəqəmsal
transformasiya və beynəlxalq əməkdaşlıq sahələrində daha fəal rol oynamağa
hazırdır. Bu baxımdan, Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin
görüşü deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini, prioritetlərini və gələcəyə
baxışını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platforma kimi çıxış edir”.
Ayhan
17:30 14.07.2026
Oxunuş sayı: 49