ABŞ mediası: İlham Əliyev Azərbaycanın enerji təsirini gücləndirir
ABŞ-nin "Big Energy News" nəşri Prezident İlham Əliyevin enerji siyasətini yüksək qiymətləndirərək, onun Azərbaycanın beynəlxalq enerji təsirini genişləndirdiyini yazıb.
Crossmedia.az xəbər verir ki, məqalənin müəllifi jurnalist Xavyer Manharresdir.
Nəşrin yazdığına görə, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp kimi neft-qaz sektorunun inkişafına üstünlük verir və Azərbaycanın enerji imkanlarını daha da genişləndirməyə çalışır.
Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı ABŞ ilə dəyəri 8 milyard dollardan artıq olan yeni enerji sazişinin imzalandığını açıqlayıb.
Nəşr hesab edir ki, bu razılaşma Donald Trampın ABŞ-nin qlobal enerji üstünlüyünü gücləndirmək strategiyasının mühüm tərkib hissəsinə çevrilə bilər.
ABŞ Konqresinin respublikaçı üzvü və Florida ştatının qubernatorluğuna namizəd Bayron Donalds da Vaşinqton ilə Bakı arasında əməkdaşlığı yüksək qiymətləndirib.
"Bu, Bayden administrasiyasının dörd çətin ilindən sonra ABŞ-nin yenidən dünya arenasında hörmət qazandığını göstərir. Prezident Donald Trampın liderliyi sayəsində enerji üstünlüyümüzü möhkəmləndirən və ABŞ sənayesini gücləndirən yeni tərəfdaşlıqlar qururuq", – deyə Bayron Donalds ABŞ-nin "Big Energy News" nəşrinə bildirib.
09:16 14.07.2026
Oxunuş sayı: 63