Azərbaycan Gürcüstanla geniş ticarət əlaqələrinə start verəcək
Anaklia dərin dəniz limanında fəaliyyətə Mərkəzi Asiya ölkələri, Çin, Azərbaycan da daxil olmaqla Gürcüstanın tərəfdaş ölkələri, həmçinin Qərb şirkətləri böyük maraq göstərir.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili "Rustavi 2" telekanalına müsabibəsində bildirib ki, Anaklia dərin dəniz limanında fəaliyyətə Mərkəzi Asiya ölkələri, Çin, Azərbaycan da daxil olmaqla Gürcüstanın tərəfdaş ölkələri, həmçinin Qərb şirkətləri böyük maraq göstərir.
O qeyd edib ki, düzgün siyasət və yanaşma ilə Gürcüstanın tərəfdaşlar seçmək imkanı yaranacaq və beynəlxalq əməkdaşlıq sayəsində Anaklia limanına yük axınlarının cəlb edilməsi təmin olunacaq. Azərbaycanın da bu limana maraq göstərməsi iqtisadi sahələrin inkişafı ilə bağlı bəzi məqamları üzə çıxarır. Məsələ ilə bağlı REAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

"Qara dənizdə dərinliyi böyük olan sahələr və dərin sulu limanlar çox deyil. Bu liman Gürcüstan ərazisində ən dərin sularda yerləşən liman olacaq. Təbii ki, Azərbaycan da cənub-şərq və şimal-cənub kimi bütün bu mühüm istiqamətlərin mərkəzində yerləşdiyi üçün həmin liman vasitəsilə ticarət dövriyyəsinin artırılması tamamilə mümkündür.
Yəni, artıq yüklərin Avropaya qədər yalnız dəmir yolu ilə daşınmasına ehtiyac qalmayacaq. Uzaq Şərqdən, xüsusilə də Çindən gələn yüklərin Azərbaycan üzərindən Gürcüstana, oradan isə bu limana nəql edilməsi böyük üstünlüklər yaradır. Bura dərin sulu liman olduğu üçün iritutumlu konteyner daşıyan gəmilər rahatlıqla yaxınlaşa biləcək, yüklərin konteynerlər vasitəsilə Avropaya və dünyanın hər yerinə çatdırılması təmin olunacaqdır. Üstəlik, bu, çox qısa bir marşrut olacaq. Ona görə də sözügedən layihə Azərbaycanın bir tranzit ölkəsi kimi inkişafı üçün son dərəcə önəmlidir".
Turqut Ansari
20:55 13.07.2026
Oxunuş sayı: 56