Lukaşenko və Mirziyoyev Minskdə danışıqlara başlayıblar
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə özbəkistanlı həmkarı Şövkət Mirziyoyev arasında Minskdə təkbətək görüş başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Aleksandr Lukaşenko bildirib ki, Belarus və Özbəkistan qarşılıqlı maraqların səmərəli şəkildə uzlaşdırılması üçün ciddi səylər göstərir.
Belarus prezidenti Şövkət Mirziyoyevi Belarus xalqının həqiqi dostu adlandıraraq onu Minskdə qəbul etməkdən məmnun olduğunu qeyd edib. O əlavə edib ki, hər iki ölkə səfərin yüksək nəticələr verməsi üçün bütün zəruri addımları atmağa hazırdır.
Lukaşenko xarici siyasət məsələlərinə toxunaraq bildirib ki, Minsk və Daşkənd beynəlxalq münasibətlərdə çoxqütblülük prinsipini dəstəkləyir və digər dövlətlər üçün maneələr yaratmamağın tərəfdarıdır.
Onun sözlərinə görə, hər iki ölkə üçün əsas prioritet öz vətəndaşlarının rifahının təmin edilməsi və ikitərəfli əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdirilməsidir.
16:12 09.07.2026
Oxunuş sayı: 59