ÜST Rusiyadakı müəmmalı xəstəliyi araşdırır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın Sibir bölgəsində səbəbi müəyyənləşdirilməyən pnevmoniya şübhəsi ilə bir nəfərin ölümündən sonra ikinci mümkün yoluxma halı barədə kifayət qədər məlumatın olmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesusun açıqlamasına istinadən məlumat yayıb.
Qebreyesus ÜST-nin həftəlik mətbuat konfransında bildirib ki, Rusiyanın İrkutsk vilayətində şiddətli pnevmoniya səbəbilə xəstəxanaya yerləşdirilən laboratoriya əməkdaşı daha sonra həyatını itirib.
Onun sözlərinə görə, ilkin məlumatlar laboratoriyada baş verən təsadüfi məruz qalma nəticəsində “ağciyər vəbası”nın inkişaf etdiyinə işarə edib. ÜST Rusiya hökumətinin İrkutsk vilayətində yaşayan şəxsin təhlükəli infeksiyaya yoluxmasından şübhələnməsi ilə bağlı oktyabrın 2-də toplantı keçirdiyini bildirib.
ÜST oktyabrın 3-də Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində Rusiyadan əlavə məlumat tələb edib. Rusiyanın cavabında isə İrkutsk vilayətində son dövrdə heç bir vəba hadisəsinin qeydə alınmadığı və təxminən 200 təmaslı şəxsin karantinə alındığı bildirilib.
Qebreyesus qeyd edib ki, ÜST vəfat edən şəxs və onunla təmasda olan şəxslərin laboratoriya testləri, görülən ictimai səhiyyə tədbirlərinin səbəbləri və təmaslı şəxslərin sağlamlıq vəziyyəti barədə əlavə məlumat istəyib.
O, həmçinin səbəbi müəyyənləşdirilməyən pnevmoniya şikayəti olan ikinci laboratoriya əməkdaşı ilə bağlı yayılan məlumatların təsdiqlənməsini tələb etdiklərini deyib. ÜST vəba, laboratoriya biotəhlükəsizliyi və bioloji təhlükəsizlik məsələləri üzrə Rusiyaya texniki dəstək təklif edib.
ÜST rəhbəri bildirib ki, hadisə ilə bağlı hələ tam mənzərə formalaşmadığından geniş risk qiymətləndirməsi aparmaq mümkün deyil. O, ziddiyyətli məlumatların aydınlaşdırılması və mümkün ictimai sağlamlıq risklərinin düzgün qiymətləndirilməsi üçün vaxtında, tam və şəffaf məlumat mübadiləsinin vacib olduğunu vurğulayıb.
Qebreyesus həmçinin Konqo Demokratik Respublikasında Ebola epidemiyasına toxunaraq, təsdiqlənmiş yoluxma hallarının sayının 8 665-ə, təsdiqlənmiş ölüm hallarının isə 4 178-ə çatdığını bildirib.
Onun sözlərinə görə, bəzi ərazilərdə epidemiyanın səngiməsi ilə bağlı əlamətlər olsa da, digər bölgələrdə virusun yayılması davam edir. Təmaslı şəxslərin izlənilməsi əhəmiyyətli dərəcədə yaxşılaşıb və hər gün təxminən 2 min bildiriş daxil olur.
ÜST rəhbəri Ebola ilə bağlı müalicə üsullarının klinik sınaqlarının 600-dən çox insanın iştirakı ilə davam etdiyini, bu ayın sonunda isə peyvənd sınağına başlanmasının gözlənildiyini bildirib.
Qebreyesus həmçinin Konqo Demokratik Respublikasından Keniyaya qayıtdıqdan sonra Ebola virusuna yoluxduğu müəyyən edilən və Nayrobidə vəfat edən Keniyalı vətəndaşı xatırladıb. O bildirib ki, Keniya rəsmiləri həmin şəxslə birlikdə səfər edən sərnişinlər və ekipaj üzvləri də daxil olmaqla 55 təmaslı şəxsi izləyir.
02:40 08.10.2026
Oxunuş sayı: 69