Azərbaycanın strateji obyektlərinə Rusiya hücumlarının təkrarlanması suallar yaradır
İyulun 5-də axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar Azərbaycandan Rusiyaya kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib. Azərbaycanın xarici ölkələrdə yerləşən strateji obyektləri, orada yaşayan vətəndaşları ilk dəfə deyil ki, hücuma məruz qalır. Bu cür hadisələrin dəfələrlə təkrar olunması, hadisələrin məqsədli şəkildə törədilməsi ilə bağlı müəyyən suallar yaradır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Rusiya tərəfindən Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunaraq ona kəskin etiraz notası təqdim edilib: “Bu, Azərbaycanın öz dövlət maraqlarını və xaricdə yerləşən mülkiyyətini qorumaq baxımından tamamilə əsaslandırılmış və beynəlxalq hüquqa uyğun addımdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın Ukraynadakı obyektlərinə zərər dəyməsi ilk deyil. Belə hadisələrin təkrar xarakter alması onların təsadüfi deyil, müəyyən sistemlilik daşıdığı barədə suallar yaradır. Bununla yanaşı, məsələyə Rusiya-Ukrayna müharibəsinin hazırkı dinamikası fonunda da yanaşmaq lazımdır. Son dövrlərdə Ukrayna pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın enerji infrastrukturu və neft emalı müəssisələrinə intensiv zərbələr endirir. Bu hücumlar Rusiyada yanacaq təminatına və logistika imkanlarına müəyyən təsirlər göstərib. Rusiya da öz növbəsində Ukraynanın enerji və yanacaq infrastrukturunu, o cümlədən yanacaqdoldurma məntəqələrini hədəfə alır. Yəni müharibə aparan tərəflər qarşı tərəfin strateji və iqtisadi əhəmiyyət daşıyan obyektlərini sıradan çıxarmağa çalışırlar”.

Deputat qeyd edib ki, müharibənin gedişi heç bir halda Azərbaycana məxsus mülki obyektlərin hədəfə alınmasına bəraət qazandıra bilməz: “Azərbaycanın Ukraynadakı enerji obyektləri və digər mülkiyyətinin təhlükəsizliyi təmin edilməlidir. Eyni zamanda, Azərbaycanın diplomatik nümayəndəliklərinin və milli şirkətlərinə məxsus obyektlərin təhlükəsizliyi beynəlxalq hüququn normaları çərçivəsində qorunmalıdır. Bu baxımdan Azərbaycanın Rusiyaya etiraz notası təqdim etməsi düzgün və prinsipial mövqedir. Hesab edirəm ki, bu nota Rusiya tərəfindən diqqətlə araşdırılacaq və aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınacaq. Ən azı, gələcəkdə Ukraynada Azərbaycana məxsus obyektlərə qarşı həyata keçiriləcək hərbi əməliyyatların planlaşdırılması zamanı daha həssas yanaşmanın nümayiş etdirilməsi və bu cür insidentlərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi ehtimalı arta bilər. Bununla belə, müharibə şəraitində belə hadisələrin tamamilə istisna ediləcəyinə dair qəti təminat vermək də mümkün hesab etmirəm”.
Ayhan
14:30 07.07.2026
Oxunuş sayı: 62