Kreml Çinin raket sınaqlarını dəstəkləyib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin raket sınaqları keçirməsinin onun suveren hüququ olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, RIA Novosti agentliyinə açıqlamasında danışıb.
"Biz hesab edirik ki, raketlərini sınaqdan keçirmək və hərbi quruculuqla məşğul olmaq Çinin suveren hüququdur", – deyə Peskov bildirib.
Kremlin sözçüsü vurğulayıb ki, Çin Sakit okean regionunda heç bir dövlətə və ümumilikdə dünyada heç kimə təhdid yaratmır.
Xatırladaq ki, Çin Müdafiə Nazirliyi iyulun 6-da ölkənin Hərbi Dəniz Qüvvələrinin atom sualtı qayığından maket döyüş başlığı ilə təchiz edilmiş strateji raketin uğurlu sınaq buraxılışını həyata keçirdiyini açıqlamışdı.
Nazirliyin məlumatına görə, raketin maket döyüş başlığı Sakit okeana düşüb. "Sinxua" agentliyi isə sınağın Çinin illik hərbi hazırlıq planı çərçivəsində keçirildiyini və bu barədə digər ölkələrin əvvəlcədən məlumatlandırıldığını yazıb.
15:41 06.07.2026
Oxunuş sayı: 50