Türkiyəli generallar Bakıda: Azərbaycan üçün hansı mühüm imkan yaranıb?
İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Agentliyinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Hərbi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Müasir dünyada güclü ordu təkcə sərhədlərin mühafizəsi deyil, həm də dövlətin qlobal arenadakı nüfuzunun və müstəqil siyasətinin ən böyük təminatçısıdır. Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və modernləşməsi yolunda atılan addımlar göstərir ki, hərbi qüdrət təkcə daxili potensiala deyil, həm də düzgün qurulmuş beynəlxalq tərəfdaşlığa əsaslanır. Bu kontekstdə, tarixi köklərə və sarsılmaz qardaşlığa söykənən Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi sadəcə iki dövlətin əməkdaşlığı deyil, regionun təhlükəsizlik arxitekturasını diktə edən fundamental bir amildir. Ötən günlərdə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın gücləndirilməsi ilə bağlı keçirilən görüşdən yeni əməkdaşlıq imkanlarının yaranacağı danılmazdır.

İkitərəfli əlaqələrlə bağlı hərbi ekspert İbrahim Rüstəmov Crossmedia.az-a açıqlama verib: "Azərbaycan Ordusunun inkişafında Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri müstəsna rol oynayır. Azərbaycan 30-dan çox dövlətlə bir, iki və çoxtərəfli hərbi əməkdaşlıq haqqında sazişlər, sənədlər imzalayıb. Təbii ki, bu ölkələrin sırasında çox güclü orduya sahib dövlətlər də var ki, onların da başında Türkiyə Cümhuriyyəti dayanır.
Türkiyə Cümhuriyyəti, silahlı qüvvələri ilə daim ön planda olan və çox güclü orduya sahib bir ölkə kimi tanınır. Yəni, buradakı ordu həm də döyüşə-döyüşə formalaşan ordular sırasındandır. Çünki onların uzun illər boyu antiterror əməliyyatlarında, xüsusilə çətin coğrafi şəraitdə terrorçulara qarşı apardığı mübarizə birbaşa ordu ilə bağlı olan məsələdir. Ordunun bu sahədə daha çox ixtisaslaşması və NATO-da ən güclü ordulardan biri kimi tanınması təsadüfi deyil.
Azərbaycanın Türkiyə Cümhuriyyəti ordusundan öyrənə biləcəyi çox məqamlar, çox məsələlər var. Azərbaycan da öz ordusunu formalaşdırmaq istiqamətində, Türkiyə başda olmaqla, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsindən və hərbi sənayesindən yararlanır; dünyanın ən müasir silahlarından tutmuş kadr hazırlığına kimi bir çox məsələlərdə təcrübə mübadiləsi aparır. Bu mübadilə, təbii ki, ordunun inkişafı üçün əsaslı zəmin yaradır.
Ekspert qeyd edib ki, Türkiyə ilə hərbi əməkdaşlıq sahəsindəki müəyyən məsələlər əsas məqsədi əhatə edir.
Onun fikrincə, bu proses həm kadr potensialının gücləndirilməsini, həm kadrların ideoloji xəttinin daha sabit bir sistem üzrə qurulmasını, həm də silah-sursat təminatını əhatə edir: "Bilirsiniz ki, Türkiyə Cümhuriyyəti son 100 il ərzində ilk dəfədir ki, müdafiə sənayesi istiqamətində çox böyük uğurlara, çox böyük nailiyyətlərə imza atıb. Bütün bunlar, təbii ki, Azərbaycan üçün yeni şanslar, yeni nailiyyətlər və irəliyə doğru atılmış addımlar baxımından böyük əhəmiyyət daşıyır.
Türkiyə ilə Azərbaycan arasındakı hərbi əlaqələr siyasi baxımdan da mühümdür. Siyasi baxımdan ona görə deyirəm ki, Azərbaycan özünün ən böyük və ən etibarlı müttəfiqi kimi Türkiyəni görür. Təbii ki, bu münasibətlərin fonunda Silahlı Qüvvələrin quruculuğu da müstəsna rol oynayır. Azərbaycan heç bir dövlətlə Türkiyə Cümhuriyyəti ilə olduğu kimi yüksək səviyyəli və məhsuldar əlaqələr qurmayıb. Bu əlaqələr o qədər yüksək və perspektivli səviyyədə qurulub ki, biz bunu öz həyatımızda da çox bariz şəkildə görürük.
Demək istəyirəm ki, Azərbaycanın ordu ilə bağlı, xüsusilə beynəlxalq əlaqələr sistemində irəli ata biləcək addımları çoxdur. Ordu daim öz üzərində işləməlidir. Hər il dəfələrlə keçirilən genişmiqyaslı hərbi təlimlər, eyni zamanda dünyanın müxtəlif ölkələrinə göndərilən kadrlar, hərbi oyunlarda iştirak-bütün bunlar ordunun özünü günün müasir tələbləri səviyyəsində qurması üçün çox böyük əhəmiyyət daşıyır. Ona görə də düşünürəm ki, Türkiyə Cümhuriyyəti ilə əlaqələrin bu cür yüksək səviyyədə qurulması Azərbaycan üçün çox böyük perspektivlər vəd edir və ölkəmiz üçün böyük bir şansdır".
Turqut Ansari
17:30 04.07.2026
Oxunuş sayı: 65